[b]"Belə havada futbol oynamazlar" – Pərdis Fərcad-Azad[/b]
17.09.2017 - 00:01
[b]"Belə havada futbol oynamazlar" – Pərdis Fərcad-Azad[/b]

“İnter” - “Sumqayıt” oyununun isti hava şəraitində keçirilməsi futbolçuları narazı salmaya bilməzdi. Hətta oyundan sonra apasport.az saytına müsahibə verən “İnter”in hücumçusu Pərdis Fərcad-Azad matçdan danışmayaraq, bu cür havada futbol oyununun keçirilməsini qınadığını vurğulayıb.

 

- Nə deyə bilərsiz oyun haqqında?

- Belə şey olmaz, saat 16:30-a oyun təyin edərlər. Bəs havanın hərarətini nəzərə almırlar? Bu cür isti havada futbol oynamaq olmaz axı. Deyirsiz matç haqda danışaq. Nə danışaq? İstidə qaçmaq olmur, istədiyin kimi oynaya bilmirsən. Qış deyil ki, hələ yayla vidalaşmamışıq və havanın isti olacağını əvvəlcədən hamı bilirdi.

 

- Bugünkü hava şəraiti sona qədər meydanda olan biri kimi sizing səhhətinizə necə təsir edib?

- Vallah belə havada futbol oynamaq olmur. Ayaqlarımın altına baxmaq kifayətdi ki, səhhətimə necə təsir etdiyini biləsiniz. Ayağımın altı yanıb, qıpqırmızıdı. Biz peşəkarıq və peşəkar liqada çıxış edirik. İndiyədək belə istidə, özü də bü cür meydançada oyun keçirildiyini görməmişdim.

 

- Bəs matçın bu saata təyin edilməsinin səbəbini deyiblərmi?

- Bilmirəm, kimisi deyir stadionun işıqlandırma sistemi ilə bağlıdı. Amma projektorlar işləyir. Başqa hansı səbəb ola bilər ki? Yayımı həyata keçirən “CBC Sport”a görə də oyun tez başlaya bilər.

 

- Bəlkə stadion rəhbərliyi işıqları yandırmağa icazə vermir?

- Dəqiq bir söz deyə bilmərəm. Ancaq belə tempuraturda, süni meydançada futbol oynamazlar.

 

- “İnter”in zəif oyunu da bununla bağlıdı?

- Bunu bəhanə etməzdim. Çünki “Sumqayıt” da həmin şəraitdə oynayırdı. Rəqibimiz yaxşı komandadı, xoşuma gəldilər. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Birinci hissədə nisbətən zəif çıxış etdik, amma ikinci yarıda rəqibdən üstün oynadıq. Qaçırdığımız epizodlar oldu.

 

- Ancaq rəqib futbolçular da özlərinin yaxşı oynadığını deyirlər və 2 xala görə təəssüflənirlər…

- Real qol epizodu bizdə daha çox oldu. Ola bilsin, onlar bir belə şansı qaçırıblar, amma bizdə 2-3 dəfə çox oldu. Heç-heçəni ədalətli nəticə hesab etmək olar.

 

- Müəyyən epizodlarda çox aqressiv idiniz. Xüsusilə də “Sumqayıt” futbolçuları sizə qarşı kobudluq edəndə…

- Etirazım hakimlərə idi. Arxadan itələyirdilər, ancaq hakim cərimə təyin etmirdi. Həm də keçmiş komandam olduğuna görə, qalib gəlmək istəyirdim.

 

- Oyundan sonra baş məşqçi sizə nə dedi?

- Dedi normal oynadınız, sadəcə bir qədər artırmağınız lazımdı.

0