[b]Kurtua “Qarabağ”la oyun haqda: Bir az qəribə səslənir[/b]
18.09.2017 - 10:49
[b]Kurtua “Qarabağ”la oyun haqda: Bir az qəribə səslənir[/b]

“Son oyunlarda az qol buraxmağım komandanın düzgün müdafiə olunduğunu göstərir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin qapıçısı Tibo Kurtua deyib.

 

Belçikalı qolkiper Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” üzərində qazanılan 6:0 hesablı qələbə ilə öz nəticəsini yaxşılaşdırıb.

 

Belə ki, “Çelsi”nin çərçivəsində 114-cü matçını keçirən Kurtua 41-ci dəfə qapısını toxunulmaz saxlaya bilib. Bununla o, “zadəganlar”ın tarixində 10-cu pilləyə yüksəlib. Siyahıya isə “Çelsi”də olarkən 227 görüşdə qol buraxmayan Petr Çex liderlik edir.

 

“Arsenal”la Premyer Liqa oyununda (0:0) bu nəticəsini bir qədər də yaxşılaşdıran Kurtua yerli mətbuata açıqlamasında qol buraxmadığı zaman özünü gümrah hiss etdiyini söyləyib: “Hətta 1:0 hesabı ilə də qalib gəlsək, bu, komanda şəklində yaxşı müdafiə olunduğumuzu göstərir. Ancaq 4:1 və ya 2:1 hesablı qələbə zamanı 5 gözəl seyv edirsinizsə, buraxılan 1 topu keçmək olar. Məsələn, Belçika yığmasının heyətində Yunanıstanı məğlub etdiyimiz görüşdə qol buraxsam da (2:1), rəqibin bir neçə real şansının qarşısını aldım. “Everton”la matçda isə 2:0 hesablı qələbə qazandıq və çərçivəyə zərbə olmadı”.

 

“Qarabağ”la qarşılaşmada komanda yoldaşı Davide Zappakostanın qolunun məhsuldar ötürməsini verən 25 yaşlı qolkiper buna da münasibət bildirib. O, belə assistləri önəmli hesab etmir: “Mən assistent sayılmıram. Bu, bir az qəribə səslənir. Bunu kiməsə desəm, elə bilər ki, zarafat edirəm. Bir qapıçı kimi, uzun ötürmə ilə topu rəqib müdafiəçilərinin arasından hücumçumuza çatdırmaq daha gözəl olar. Ancaq Zappakosta “Qarabağ”a qol zamanı uzun reyd edərək, toru silkələdi. Bəzən hücumçu kimi, statistikaya önəm verirsən. Ancaq müqayisə etdiyin zaman onun daha yaxşı olduğunu görürsən. Düşünmürəm ki, statistikaya qarşı kor olmalısan. Çünki futbol hər şeydən əvvəl bir oyundu”.

 

Qeyd edək ki, “Qarabağ”la “Stemford Bric”də keçirilən matçın 30-cu dəqiqəsində qapıçıdan topu qəbul edən Zappakosta sağ cinahla irəliləyərək, komandasının 2-ci qoluna imza atmışdı.

0