[b]Oyundan sonra “razborka”: Neymar Kavaninin üstünə şığıdı[/b]
19.09.2017 - 10:04
[b]Oyundan sonra “razborka”: Neymar Kavaninin üstünə şığıdı[/b]

PSJ-nin futbolçuları Neymar və Edinson Kavani dünya mətbuatının gündəmini zəbt edib. Apasport.az saytı “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, “Lion”la matçda (2:0) bu iki oyunçu arasında yaşanmış penalti və cərimə zərbələri ilə bağlı problem hələ də aradan qaldırılmayıb.

 

Fransa çempionatının VI turunda keçirilmiş görüşdə Neymar və Kavani bir neçə dəfə diqqət mərkəzinə düşüb. Əvvəlcə cərimə zərbələri zamanı yaranan narazılıq 80-ci dəqiqədə daha da artıb. Belə ki, PSJ-nin qazandığı penaltini Neymar yerinə yetirmək istəsə də, Kavani buna imkan verməyib. Topa yaxınlaşan uruqvaylı hücumçunun həmləsi isə dəqiq olmayıb.

 

Əsəbi soyumayan Neymar hakimin final fitindən sonra Kavani ilə məsələni aydınlaşdırmaq üçün paltardəyişmə otağında onun üstünə şığıyıb və mübahisəni davam etdirib. Tərəflərin əlbəyaxa davaya keçmək üzrə olduğunu bilən kapitan Tiaqo Silva dərhal araya girib və konfliktin daha da böyüməsinə imkan verməyib.

 

Neymar və Kavani paltardəyişmə otağını tərk etdikdən sonra jurnalistlərin qarşısına çıxmayıblar. Onların komanda yoldaşı Adrien Rabio isə media nümayəndələrinə açıqlamasında paltardəyişmə otağında heç bir insidentin olmadığını bildirib.

 

Fransa mətbuatı hər iki futbolçunun PSJ-də ən məhsuldar oyunçu olmaq istəyinin komandada ciddi problemlər yaradacağını və bunun mükafatlar uğrunda mübarizədə Paris təmsilçisinə mane olacağını vurğulayıb.

 

Neymar PSJ-nin heyətində ümumilikdə 6 oyunda 5 qola imza atıb. Kavani isə cari mövsümdə 8 görüşdə 9 dəfə fərqlənib.

 

Qeyd edək ki, Liqa-1-də 6 turdan sonra aktivində 18 xal olan PSJ turnir cədvəlinə başçılıq edir.

 

0