Rauf Məmmədov Avropa çempionatında mövqeyini əldən verib
28.04.2008 - 10:20
Rauf Məmmədov Avropa çempionatında mövqeyini əldən verib
Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında VII turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində liderlər qrupunda qərarlaşan Rauf Məmmədov mövqeyini əldən verib. Buna səbəb beynəlxalq qrossmeysterimizin hesabat turunda rusiyalı Pavel Trequbova uduzmasıdır. Hesabında 5 xal olan R.Məmmədov sabah keçiriləcək VIII tur çərçivəsində rumıniyalı Konstantin Lupulesku ilə qarşılaşacaq. Digər təmsilçilərimizdən Qədir Hüseynovla Nicat Məmmədov 4,5, Eltac Səfərli 3, Fərhad Tahirov 2 xal toplayıb. Qadınların yarışında İlahə Qədimova liderlər qrupuna yaxınlaşıb. Hesabında 4,5 xal olan yığmamızın üzvü növbəti görüşünü türkiyəli Yekaterina Atalıka qarşı keçirəcək. VIII turda, hərəyə 4 xal toplayan Zeynəb Məmmədyarova ilə Xəyalə İsgəndərova üz-üzə gələcəklər. Zəif çıxış edən Nərmin Kazımova və Türkan Məmmədyarovanın 3,5, Nərgiz Umudova ilə Gülnar Məmmədovanın 2,5 xalı var.
Qeyd edək ki, 11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
0