[b]Neymar klub prezidentinə: Kavanini satın...[/b]
20.09.2017 - 11:39
[b]Neymar klub prezidentinə: Kavanini satın...[/b]

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın futbolçuları Edinson Kavani və Neymar arasında yaşanmış insidentə biganə qalmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qətərli biznesmen Neymarla görüşüb.

 

Fransa çempionatının VI turunda “Lion”la matçda (2:0) bu iki futbolçu arasında cərimə zərbələrini və penaltini yerinə yetirməklə bağlı narazılıq yaşanmışdı. 80-ci dəqiqədə parislilərin qazandığı penaltini Neymar dəyərləndirmək istəsə də, Kavani buna imkan verməmişdi. Topa yaxınlaşan uruqvaylı hücumçunun həmləsi isə dəqiq olmamışdı. Hakimin final fitindən sonra Neymar paltardəyişmə otağında Kavani ilə mübahisəni davam etdirmişdi. Tərəflərin əlbəyaxa davaya keçməsinə kapitan Tiaqo Silva imkan verməmişdi.

 

Nasser Əl-Xelaifinin qəbul etdiyi Neymar klubun prezidentinə Kavanidən gileylənib. “Sambaçı” PSJ-nin rəhbərindən Uruqvay yığmasının üzvünün satılmasını tələb edib. Lakin Əl-Xelaifi onun istəyinə qarşı çıxıb və bunu etməyəcəyini bildirib. Bundan əlavə, PSJ-nin prezidenti cərimə zərbələri və penalti məsələsində də Kavaniyə dəstək olub. O, 30 yaşlı forvardın bundan sonra da komandada ştatlı penalti ifaçısı olacağını deyib.

 

Klub prezidentinin Kavaniyə dəstəyindən sonra Neymarın hansı addımı atacağı maraq doğurur.

 

Qeyd edək ki, Neymar PSJ-yə bu il 222 milyon avro qarşılığında “Barselona”dan keçib. Kavani isə 2013-cü ildən parislilərin uğurları üçün çalışır. 

0