Millətlər Liqasının yekun qaydaları bəlli olub. Apasport.az saytının məlumatına görə, qurumun dünən keçirilən İcraiyyə Komitəsinin iclasında ilk dəfə təşkil olunacaq turnirin keçirilmə formatı və AVRO-2020-yə vəsiqələrlə bağlı son qərar təsdiqlənib.
2018-ci il sentyabrın 6-da start götürəcək yarışın yeni loqosu da təqdim edilib. UEFA-ya üzv olan 55 milli assosiasiyanın hamısı yarışda öz millisi ilə təmsil olunacaq.
2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək. Bu reytinqdə DÇ-2018-in pley-offu nəzərə alınmayacaq.
A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda yer alacaq. İki ən güclü liqanın hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, “zəiflər” son liqada 4 komandalı dörd qrupa ayrılacaq.
2018-ci ilin sentyabr-noyabr aylarında ev və səfərdə olmaqla qrup mərhələsinin görüşləri keçiriləcək. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda mükafat uğrunda mübarizə aparacaq.
B, C və D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, A, B və C liqalarının qruplarında sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.
AVRO-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.
2019-cu ilin martında AVRO-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.
Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.