[b]22-ci final, 17-ci ölkə[/b]
21.09.2017 - 11:12
[b]22-ci final, 17-ci ölkə[/b]

UEFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclası Avropa Liqasının 2019-cu ildə keçiriləcək final oyununu Azərbaycana verib. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionu bununla da qitənin ikinci dərəcəli klub turnirinin həlledici görüşünün ev sahibləri siyahısına düşüb.

 

Azərbaycan paytaxtı 1971/72 mövsümündən UEFA kuboku, 2009/10 mövsümündən Avropa Liqası adı ilə keçirilən yarışın tarixində 22-ci belə finalı qəbul edəcək. Söhbət bir oyundan ibarət həlledici duellərdən gedir. 1997/98 mövsümünədək baş tutan finallar iki görüşdən ibarət olub və komandalar evdə-səfərdə prinsipi ilə görüşüb.

 

1998-ci ildə Fransa paytaxtı Parisdəki “Park de Prens” stadionunda yeni ənənənin təməli qoyulub. Həmin vaxtdan 20 dəfə final bir matçdan ibarət olub. Cari mövsümün Lionda başa çatacaq finişi 21-ci olacaqsa, Bakı 22-ci finalı qəbul edəcək.

 

Bakıdan əvvəlki 21 matça baxsaq, indiyədək heç bir şəhər iki dəfə bu matçı qəbul etməyib. 21 müxtəlif şəhərdə baş tutan görüşlər 16 ölkədə keçirilib. Bu isə o deməkdi ki, Azərbaycan Avropa Liqasının finalını ağuşuna alacaq 17-ci ölkə olacaq.

 

Yalnız Hollandiya üç dəfə finala v sahibliyi edib. Üç ölkədə bu rəqəm ikidi. Düzdü, Fransanın ikinci finalı gələn il olacaq. Amma onlar da indidən Almaniya və İsveçə çatmış sayıla bilər. Digər 12 ölkə - Danimarka, Rusiya, Türkiyə, İspaniya, İrlandiya, Portuqaliya, İsveçrə, İtaliya, İngiltərə, Şotlandiya, Rumıniya, Polşa bir dəfə bu hüquqa yiyələnib.

 

Göründüyü kimi Bakı Olimpiya Stadionu “Lujniki”dən sonra postsovet məkanının bu turnirin finalını qəbul edəcək ikinci arenasıdı. 20 ildən sonra həlledici matç MDB və Baltikyanı ölkələrin ərazisində baş tutacaq.

 

Maraqlıdı ki, Avropa Liqasının finalı artıq bir dəfə Olimpiya Stadionunda keçirilib. 2003-cü ildə finala Sevilyadakı Olimpiya arenası qucaq açıb.

 

Avropa Liqası (UEFA kuboku) finallarını qəbul edən stadionlar

1998. “Park de Prens” (Paris, Fransa)

1999. “Lujniki” (Moskva, Rusiya)

2000. “Parken” (Kopenhagen, Danimarka)

2001. “Vestfalenştadion” (Dortmund, Almaniya)

2002. “De Kuip” (Rotterdam, Hollandiya)

2003. Olimpiya stadionu (Sevilya, İspaniya)

2004. “Nia Ullevi” (Höteborq, İsveç)

2005. “Joze Alvalade” (Lissabon, Portuqaliya)

2006. “Filips” (Eyndhoven, Hollandiya)

2007. “Hempden Park” (Qlazqo, Şotlandiya)

2008. Mançester şəhər stadionu (Mançester, İngiltərə)

2009. “Şükrü Saracoğlu (İstanbul, Türkiyə)

2010. “Hamburq Arena” (Hamburq, Almaniya)

2011. “Dublin Arena” (Dublin, İrlandiya)

2012. Milli arena (Buxarest, Rumıniya)

2013. “Amsterdam Arena” (Amsterdam, Hollandiya)

2014. “Yuventus” (Turin, İtaliya)

2015. Milli stadion (Varşava, Polşa)

2016. “Sent Yakobs Park” (Bazel, İsveçrə)

2017. “Friends Arena” (Solna, İsveç)

2018. “Park Olimpik Lion” (Lion, Fransa)

2019. Olimpiya stadionu (Bakı, Azərbaycan)

Qeyd: Stadionların adları UEFA-nın qəbul etdiyi kimi, yəni reklam adları olmadan göstərilib.

0