[b]“Meydana 3 xal üçün çıxacağıq” – “Roma”nın baş məşqçisi[/b]
21.09.2017 - 11:33
[b]“Meydana 3 xal üçün çıxacağıq” – “Roma”nın baş məşqçisi[/b]

“Komandamın çıxışından razıyam. Oyunumuz getdikcə inkişaf edir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.

 

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “canavarlar” İtaliya çempionatının V turunda səfərdə “Benevento”nu 4:0 hesabı ilə üstələyiblər.

 

Klubun saytına müsahibə verən Di Françesko komandasının hazırkı vəziyyətini dəyərləndirib: “Futbolçularda özünəinam hissinin qayıtması üçün bizə bir neçə ardıcıl qələbənin lazım olduğunu bilirdim. 4:0 hesabı məni təəccübləndirmədi. Bizim komanda zəif hesab edilə bilməz. Odu ki, bu cür qalibiyyəti gözləyirdim. Klub rəhbərliyindən mənə hər mövqeyə 2 futbolçu verilməsini istəmişdim. Yalnız bu halda yaxşı nəticələr qazanmaq mümkündü”.

 

48 yaşlı çalışdırıcı “Roma”nın sərgilədiyi futbolda cinah oyunçularının böyük rol oynadığını bildirib: “Həmişə istəmişəm ki, cinahlardan daim hücumlar quraq. “Benevento” ilə görüşdə, xüsusən, sol cinahda yaxşı təsir bağışladıq. Amma sağ cinah da pis deyildi. Hər iki cinahda çıxış edən futbolçulardan razıyam. Son vaxtlar meydana çıxmayan futbolçular məşqlərdə çox çalışırlar. Böyük komandaların məşqçiləri bu cür məqamlara da diqqət ayırmalıdılar. Sıx qrafikdə matçlar keçirəndə bütün futbolçulara şans vermək imkanı yaranır. Mövsümün startında komanda mən istədiyim kimi oynamırdı. İndi isə vəziyyət düzəlir”.

 

Di Françesko növbəti oyunlara da qələbə üçün çıxacaqlarını qeyd edib: “Mövsümə titullar qazanmaq istəyi ilə başlamışdıq. Amma ilk görüşlərdə vəziyyət istədiyim kimi deyildi. Oyundan-oyuna “artırırıq”. Qarşıdakı matçlarda da sözümüzü meydanda deyəcəyik. Bütün görüşlərə 3 xal qazanmaq üçün çıxacağıq”.

 

Qeyd edək ki, sentyabrın 23-də “Udineze” ilə çempionat matçına çıxacaq “Roma” növbəti görüşünü ayın 27-də Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcək.  

 

 

0