Braziliyalı futbolçu Alemao qəribə addımla gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “İnternasional” klubunun yarımmüdafiəçisi Braziliya B seriyasında “Fiqueyrense” ilə görüşdən sonra dizi üzərində gəzib.
“İnternasional”ın 3:0 hesablı qələbəsi ilə nəticələnən matçın ardından 27 yaşlı oyunçu meydançanın bir qapısından digər qapısına qədər dizi üzərində gedib və Allaha minnətdarlığını bildirdikdən sonra ayağa qalxaraq, komanda yoldaşlarının yanına qaçıb. Futbolçu paltardəyişmə otağına yollanmazdan əvvəl jurnalistlərə açıqlamasında həmin hərəkətini qısaca belə izah edib: “Tanrıya təşəkkür etdim”.
Qeyd edək ki, bu ilin əvvəlində Alemaonun ayağı qırılıb. Müayinə zamanı həkimlər vəziyyətin ciddi olduğunu və sümüyün əyri bitmə təhlükəsinin mövcudluğunu bildiriblər. Yarımmüdafiəçi həmin vaxt yaşıl meydanlara qayıdacağı təqdirdə, meydanboyu dizi üstdə gəzəcəyinə söz verib. Alemao 5 aydan sonra ilk dəfə “Fiqueyrense” ilə görüşdə meydana girib və ikinci 45 dəqiqədə komandasına kömək edib.