Bu ilin yanvarında “Şanxay Şenxua”ya keçərək dünyanın ən çox məvacib alan futbolçusuna çevrilən Karlos Tevez maraqlı açıqlama ilə yadda qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard çinli futbolçuları sərt şəkildə tənqid edib.
Artıq çəkidən əziyyət çəkdiyi üçün yaxın günlərdə klub prezidenti və baş məşqçisinin xəbərdarlıq etdiyi Tevez yerli oyunçuların zəif çıxışından narazılıq bildirib: “Çinli futbolçular cənubi amerikalılar və ya avropalılar kimi istedada sahib deyillər. Futbolu yeni öyrənən uşaq kimidilər, heç yaxşı deyillər. 50 il sonra da beynəlxalq səviyyədə mübarizə apara bilməyəcəklər”.
Maraqlıdı ki, Çin futbolunun gələcəyinin parlaq olmadığını düşünən Tevez yerli çempionatda keçirdiyi 13 matçda cəmi 3 qol vura bilib. Ayda 4 milyon avro qazandığı “Şanxay Şenxua” ilə hələ 1 illik müqaviləsi qüvvədə olan 33 yaşlı oyunçu “Boka Xuniors”a qayıtmaq arzusundadı.