Azərbaycan və Gürcüstanın birlikdə təşkil edəcəyi qadınlar arasında Avropa çempionatında iştirak edəcək komandalardan biri də Macarıstan millsidir. Apasport.az saytının məlumatına görə, macarlar 2015-ci ildə 28 illik fasilədən sonra yenidən Avropa səhnəsinə qayıdıblar.
Komanda A qrupunda Azərbaycan, Polşa və Almaniya ilə mübarizə aparacaq.
Macarların italiyalı baş maşqçisi Alberto Salomoni yarışla fikirlərini bölüşüb: “Biz çempionatın autsayderlərindən biriyik. Üstəlik diqqət çəkən fiziki bacarıqlarımız da yoxdu. Ancaq əgər hansısa komanda öz potensialından daha aşağı səviyyədə çıxış eləsə, biz də onlara sürpriz hazırlaya bilərik”.
Komandanın kapitanı Rita Lilium isə daha cəsarətli danışıb: “İki il əvvəl pley-offa qədər irəliləyə bilmişdik. İndi də həmin uğuru təkrarlamaq istəyirik. Növbəti Avropa çempionatının ev sahiblərindən biri də biz olacağıq. Tədricən voleybol Macarıstanda populyar idman növlərindən birinə çevrilir. Biz də bu yarışda mümkün qədər müsbət enerji və impuls toplayaraq qarşıdakı iki ildə doğma meydanımızda keçiriləcək çempionata hazırlaşacağıq”.
Qeyd edək ki, Macarıstan millisi turnirdəki ilk oyununda millimizlə qarşılaşacaq.