[b]Qurban Qurbanovun bir addımlığında olduğu nailiyyət[/b]
22.09.2017 - 11:00
[b]Qurban Qurbanovun bir addımlığında olduğu nailiyyət[/b]

Azərbaycan Premyer Liqasının VI turunun VI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün tarixi nəticə ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Ağdam klubu “Sumqayıt”la görüşdə qələbə qazanmalıdı.

 

“Qarabağ” qalib gəlsə, Qurbanov baş məşqçi karyerasında 250-ci qələbəsinə sevinəcək. Çalışdırıcı karyerasına 2007-ci ildə başlayan 45 yaşlı mütəxəssis indiyədək 249 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

 

2007-08-ci illərdə “Neftçi”, 2009-cu ildən bu günədək “Qarabağ”a rəhbərlik edən Qurbanov 443-cü oyununda 250-ni fəth etməyə yaxındı. Əvvəlki 442 görüşdə 249 qələbə ilə yanaşı, 111 heç-heçə və 82 məğlubiyyət qeydə alınıb.

 

Qurbanovun baş məşqçi kimi yaşadığı qələbələrdən 25-i ilk komandası – “Neftçi”də yaşanıb. İndiki klubu “Qarabağ”da isə belə uğurların sayı 224-dü.

 

249 qələbədən 185-i Premyer Liqa matçlarına təsadüf edib. Mütəxəssis avrokuboklar və Azərbaycan kubokunda eyni sayda – hərəsində 32 dəfə sevinib.

 

Qeyd edək ki, “Qarabağ” bu gün qalib gəlməsə, yubiley növbəti matça qədər təxirə salınacaq və ağdamlılar Çempionlar Liqasının “Roma” ilə görüşünə baş məşqçisinin “250-cisi” üçün çıxacaq.

0