[b]Xedira millimizlə oyunu buraxa bilər[/b]
22.09.2017 - 12:10
[b]Xedira millimizlə oyunu buraxa bilər[/b]

“Yuventus”un yarımmüdafiəçisi Sami Xedira sıraya dönüb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, zədəsini sağaldan ulduz futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir.

 

A seriyasının son 3 turunu və Çempionlar Liqasında “Barselona” ilə oyunu buraxan Xedira sabah “Torino” ilə keçiriləcək Turin derbisində meydana çıxa biləcək.

 

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də “qoca sinyora”nın meydanında baş tutacaq qarşılaşmanı canlı izləyəcək. Löv məhz Xediranın hansı durumda olduğunu görmək üçün İtaliyaya yollanacaq. Təcrübəli mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycanla matçlar üçün 30 yaşlı oyunçuya dəvət göndərib-göndərməyəcəyinə bundan sonra qərar verəcək.

 

Xedira Lövün istədiyi vəziyyətdə olmasa, Bundestimdən kənarda qalacaq ikinci aparıcı oyunçu olacaq. Çünki əsas qapıçı Manuel Noyer bu günlərdə ciddi zədə alaraq ili başa vurub.

 

Qeyd edək ki, Almaniya millisi əvvəlcə oktyabrın 5-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq, bundan 3 gün sonra isə Kayzerslauterndə Azərbaycanı qəbul edəcək. 

0