[b]“Get-gedə o səviyyədən uzaqlaşırıq” – Qurban Qurbanov[/b]
22.09.2017 - 21:28
[b]“Get-gedə o səviyyədən uzaqlaşırıq” – Qurban Qurbanov[/b]

“Bəlkə asan görünə bilərdi. Amma bizim üçün ağır oyun oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”ı qəbul edən son çempion erkən qol buraxmasına baxmayaraq, meydanı böyükhesablı qalibiyyətlə tərk edib – 4:1.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Müxtəlif səhvlərə yol verdik. İlk hissə psixoloji cəhətdən ağır oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Hiss olunurdu ki, futbolçular çətinlik çəkirlər. Bu da normaldı. Vaxt keçdikcə bir-birilərini daha yaxşı tanıyacaqlar”.

 

- Miçel qırmızı vərəqə aldıqdan sonra sərt reaksiya göstərdiniz...

- Təbii ki, qırmızı vərəqə aldığı üçün. Hər oyundan əvvəl tapşırıram ki, səbirli oynasınlar, komandanı pis vəziyyətdə qoymasınlar. Miçel də bu tapşırığı yerinə yetirə bilmədi.

 

- Hakimlik barədə nə deyə bilərsiniz?

- Düşünmürəm ki, qərəzli qərarlar olur. Hakimlikdən çətin peşə, bəlkə də, yoxdu. Çox dəqiq olmalıdı. Meydanda 22 nəfəri idarə etmək asan iş deyil. Onlarla bağlı heç vaxt fikir bildirməmişəm. Həmişə çalışıb onlara dəstək olmaq lazımdı.

 

- Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?

- Səbəb yoxdu. Ramil komandaya son anda gəldi. Kollektivə uyğunlaşmaq da lazımdı. Bəzən oyunun gedişi düşünmədiyin əvəzləmələrə məcbur edir. Heyətdə yer alan futbolçuların hamısını oynada bilərik. Gələn matçda Ramilin də şansı ola bilər.

 

- “Roma” ilə görüş barədə düşünməyə başlamısınız?

- Bəli. Rəqibin ilk oyununa baxmışıq. Sabahkı görüşlərini də izləməyə çalışacam. Yaxşı oynayırlar. Rəqiblərə 3-4 qol vura-vura gedirlər.

 

- Komanda böyük azarkeş ordusunun dəstəyi altında oynayacaq. Bu, xal qazanmağınıza kömək ola bilərmi?

- Azarkeşlərimizin çox olması bizim özümüzü daha güclü hiss etməyimizə səbəb olur. İstəmirəm azarkeşlərimiz üzülsün. Amma bəzi məğlubiyyətlərdən sonra azarkeşlərin dəstəyi bizə əlavə ruh verib. Onların varlığı ilə özümüzdə daha çox ruh yüksəkliyi hiss edəcəyik.

 

- “Sumqayıt”la görüşdən sonra “Roma” ilə matça hazırlaşmaq çətin olmayacaq? Çünki eyni temp olmayacaq...

- Doğrudu. Çempionatımızın tempi get-gedə aşağı düşür. İstərdik ki, mübarizə artsın. Təəssüf ki, həm komandaların sayı azalır, həm də temp aşağı düşür. Bir oyunla yox, illərdi Avropa klubları ilə səviyyə fərqinə yaxınlaşmaq istəyirik. Ancaq get-gedə o səviyyədən uzaqlaşırıq. Çempionatın səviyyəsini qaldırmalıyıq ki, o pilləyə yaxınlaşaq. Yenə də belə oyunlara çılğın hazırlaşmalıyıq ki, belə tempdə mübarizə apara bilək. Çalışacağıq ki, fərq çox hiss olunmasın.

 

- Pedro Enrikenin oyunundan razı qaldınız?

- Bu gün daha yaxşı idi. İlk hissədə meydanın rəqibə aid hissəsində təhlükəli olurdu. Oyundan-oyuna daha yaxşı olacaqlar.

 

- Pedronun bütün oyunçulardan üstün olduğu hiss olunur. Düşünmürsünüz ki, PAOK-da heyətə düşə bilməməsi xarakterində problem olmasından xəbər verir?

- Hansısa futbolçudan üstün olması fikrini bildirmək istəməzdim. Mən heç vaxt belə bir fikirdə olmamışam ki, hansısa futbolçumuz digərlərindən güclüdü. Çalışırıq o, komandaya uyğunlaşsın və mentalitetimizlə tanış olsun. Pedro güclü futbolçudu.

 

- Ndlovu hazırda yaxşı formadadı. Ramil Şeydayevin belə vəziyyətdə şans qazanmaq ehtimalı az deyil?

- Ramil üzərində çox çalışır. Onunla ayrıca məşqlərimiz də olub. Oyundan-oyuna dəyişikliklər gözləmək olar. Çünki buna bizim çox ehtiyacımız olacaq.

0