[b]“Neftçi”də xarakterli yerli futbolçular olmalıdı” – Ruslan Abışov[/b]
23.09.2017 - 11:04
[b]“Neftçi”də xarakterli yerli futbolçular olmalıdı” – Ruslan Abışov[/b]

“Neftçi” klubunun kapitanı Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- “Neftçi” Premyer Liqanın ilk 5 turunda cəmi 1 xal toplayıb. Bu uğursuzluğun səbəbi nədi?

- Mənə elə gəlir ki, indi bu barədə danışmağın mənası yoxdu. Artıq hər şey keçmişdə qalıb. Biz də çox istəyirik ki, bir qələbə qazanaq və hər şeyə yenidən başlayaq. Komandaya yeni baş məşqçi gəlib. Tərlan Əhmədovun rəhbərliyi altında yüksək səviyyədə məşqlər keçirik. İnanıram ki, tezliklə hər şey qaydasına düşəcək. Bunun üçün bizə bir qələbə lazımdı.

 

- Yay fasiləsində edilən dəyişikliklərdən sonra komandadan uğurlu çıxış gözlənilsə də, nəticələrdə bir dəyişiklik olmadı. Problemin kökünü tapmaq belə çətindi?

- Futbol komanda oyunudu və hamı kollektiv şəkildə mübarizə aparır. Bu uğursuz vəziyyətdən də komanda şəklində özümüz çıxmalıyıq. Üzərimizdə çalışıb, bu durumdan bir yerdə çıxmalıyıq.

 

- Tərlan Əhmədov artıq 12 gündü “Neftçi”nin “sükanı arxası”ndadı. 12 gün əvvəlki “Neftçi” ilə indiki arasında nə kimi fərqlər var?

- “Zirə” ilə matçda bu fərq hiss olunurdu. Həmin vaxt Tərlan müəllim hələ 3-4 gün idi ki, gəlmişdi. Yavaş-yavaş hər şey qaydasına düşür. Bir daha təkrar edirəm, bizə cəmi 1 qələbə lazımdı ki, özünəinam qayıtsın. Belədə keçmişdəki uğursuzluqlar da yaddan çıxacaq və yavaş-yavaş öz oyunumuzu tapmağa başlayacağıq.

 

- İlk günlərə əsasən Tərlan Əhmədovun komandanı bu durumdan çıxaracağını gözləmək olar?

- İnşallah, çıxaracaq. Həm mən, həm də komanda yoldaşlarım bunun üçün baş məşqçiyə kömək etməyə hazırıq.

 

- Görünən odu ki, “Neftçi”nin dirçəlməsi üçün hələ çox zamana ehtiyacı var. Ancaq klubun azarkeşləri bu qədər səbrli deyillər...

- Bu, normaldı. Çünki “Neftçi”nin hər zaman tələbkar azarkeşləri olub. Onları çox yaxşı başa düşürəm. Belə vəziyyətdə olmağımız mənim özümə də çox ağır gəlir. Bir futbolçu kimi çox çətin günlər keçirirəm. Azarkeşləri lap yaxşı başa düşürəm. Çünki yaşadığım hisslər bunu anlamaq üçün kifayət edir. İnşallah, bu qara günlərin bir sonu olacaq.

 

- Ötən mövsümdəki ardıcıl uğursuz çıxışdan sonra azarkeşlər komandadan üz döndərdilər. Yenə eyni halla üzləşməkdən narahat deyilsiniz?

- Bunun təkrarlanacağına inanmıram. Çünki “Zirə” ilə matçda gördülər ki, qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Sadəcə, bəxt bizdən üz döndərmişdi. Ancaq “Zirə” ilə görüş komandanın qarşıdakı turlarda daha yaxşı çıxış edəcəyinə ümid verir.

 

- Tərlan Əhmədovun gəlişindən sonra yenidən müdafiənin mərkəzinə çəkildiniz. Tez-tez mövqe dəyişikliyi sizi bezdirmir?

- Əlbəttə ki, bir futbolçu kimi bu amil mənə çox böyük problemlər yaşadır. Dayaq yarımmüdafiəsində problem olur, Ruslan, keç ora, müdafiədə problem olur, Ruslan keç bura. Bunlar mənə çox çətinliklər yaradır. Bir futbolçu eyni mövqedə daim oynamalıdı ki, orda inkişaf etsin. Tez-tez mövqe dəyişikliyi karyeraya da mənfi mənada təsir edir. 3 oyun bir mövqedə, 5 oyun başqa mövqedə oynayıram. Konkret bir mövqedə qərarlaşa bilmirəm. İnşallah, bundan sonra öz mövqeyimdə oynayacam. Komandama da maksimum dərəcədə kömək etməyə çalışacam.

 

- Nizami Hacıyevin qış fasiləsində “Neftçi”yə keçidi gözlənilir. Necə düşünürsünüz, Nizami komandanı gücləndirəcək futbolçudu?

- Onun gəlişinə ən çox sevinənlərdən biri mən olacam. Çünki “İnter”də bir yerdə çıxış etmişik. Nizaminin həm insan, həm də futbolçu kimi keyfiyyətlərinə bələdəm. O, komandasına hər zaman var gücü ilə kömək etməyə çalışıb. Xarakterli futbolçudu. Həmişə demişəm ki, “Neftçi”də 5-6 təcrübəli və xarakterli yerli futbolçu olmalıdı. Təbii ki, gənclər də olmalıdı. Ancaq komandanın özəyini təcrübəli yerlilər təşkil etməlidi. Məsələn, komandamıza yeni gələn Rəşad Sadiqovu qeyd edə bilərəm. Onların gəlişinə yalnız sevinirəm.

 

- Sabah Premyer Liqanın VI turu çərçivəsində “Qəbələ”nin qonağı olacaqsınız. İlk qələbənizi qazana biləcəksinizmi?

- Yalnız bu fikirdəyik. Çətin səfər olacaq. Amma futbolda hər cür nəticə olur. Öz gücümüzə inanaraq oynamalıyıq. Ümid edirəm ki, tilsimi qırarıq.

 

- “Qəbələ” hazırda elə də yaxşı formada deyil. Bunu sizin üçün üstünlük saymaq olarmı?

- Üstünlük deməzdim. Meydana çıxıb, öz oyunumuzu göstərəcəyik. Hesabın necə olacağını da zaman göstərəcək.

 

Ruslan SADIQOV

0