[b]Millimiz yeni rekordla Avro-2019-da!!![/b]
26.09.2017 - 09:07
[b]Millimiz yeni rekordla Avro-2019-da!!![/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan milli Avropa çempionatının final mərhələsində ardıcıl 3 qələbə qazanmaqla tarixi nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 7-ci dəfə həlledici mərhələdə çıxış edən yığmamız ilk dəfə qrup mərhələsini birinci yerdə başa vurub.

 

Bunadək ən yaxşı halda qrup ikinciliyi ilə növbəti raunda yüksələn Faiq Qarayevin yetirmələri 12 il əvvəlki rekordunu doğma divarlar arasında yeniləyib.

 

Qrup qalibi olmaq yığmamızı birbaşa 1/4 finala daşıyıb ki, bu da komandamızın tarixində ikinci belə nailiyyətdi. Voleybolçularımız indiyədək yalnız 1 dəfə ən güclü “səkkizliy”ə daxil olmuşdu. Bu millimizin Avropa 4-cüsü olduğu 2005-ci ildəki uğurunun təkrarıdı.

 

Avropa çempionatının 8 ən güclü komandası sırasına düşmək yığmamıza Avro-2019-un final mərhələsinə vəsiqə də qazandırıb. Millimiz Çexiya, Macarıstan, Polşa və Türkiyənin birgə təşkilatçılığı ilə baş tutacaq 31-ci qitə çempionatına seçmə mərhələdə oynamadan qatılacaq.

 

Məsələ ondadı ki, növbəti Avropa birinciliyində 24 komanda mübarizə aparacaq. Bunlardan 4-ü meydan sahibləri, 12-si seçmə mərhələnin qalibləri olacaq. 8 komanda isə Avro-2019-a Bakıdan yollanacaq.

 

Yəni Avro-2017-nin 8 ən yaxşı komandası Avro-2019-a vəsiqəni təmin edəcək. Növbəti turnirin ev sahiblərindən hər hansı biri “səkkizliy”ə düşərsə, növbəti pillələrin sahibi bu hüquqa yiyələnəcək.

 

1/4 finala vəsiqəni təmin edən 4 komandadan heç biri Avro-2019-un meydan sahibi olmadığından artıq Azərbaycanla yanaşı, İtaliya, Serbiya və Rusiyanın vəsiqəsi təmin olunub. Digər 4 vəsiqə isə bu gün və sabah keçiriləcək pley-off matçlarından sonra bilinəcək. 

0