[b]“Qarabağ” meydana 1, “Roma” 3 hücumçu ilə çıxır[/b]
26.09.2017 - 10:20
[b]“Qarabağ” meydana 1, “Roma” 3 hücumçu ilə çıxır[/b]

Ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edən “Qarabağ” sabah qrup mərhələsi çərçivəsində ikinci görüşünü keçirəcək. Komandamız Bakı Olimpiya Stadionunda “Roma” ilə qarşılaşacaq. Apasport.az xəbər verir ki, İtaliya mətbuatı komandaların ehtimal heyətlərini açıqlayıb.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun 4-2-3-1 taktiki sxeminə üstünlük verəcəyini yazan həmkarlarımız “Qarabağ”ın qapısını İbrahim Şehiçin qoruyacağını qeyd ediblər. Hərçənd, “Çelsi” ilə matçda 6 top buraxan və kobud səhvlər edən bosniyalı qolkiperin ehtiyatda qalması da mümkündü. Qurbanov ölkə çempionatının cari mövsümündə bütün oyunlarda olduğu kimi, VI turda “Sumqayıt”la matçda da “çərçivə”ni Anton Kanibolotskiyə həvalə etmişdi. Bu mənada, əksəriyyət ÇL-də də ukraynalı qapıçının oynamaq vaxtının çatdığını düşünür.

 

İtaliya mediası “Roma” ilə qarşılaşmada “Qarabağ”ın müdafiə xəttində Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Yakub Jezniçakın yer alacağını yazıb. Müdafiəçilərin önündə Qara Qarayev və Riçard Almeyda çıxış edəcək. Hücumun sivri ucunda Dino Ndlovunun, onun arxasında isə Pedro Enrike, Miçel və Donald Gerryedən ibarət trionun oynayacağı bildirilir.

 

“Roma” isə “Qarabağ”la qarşılaşmada 4-3-3 taktiki sxemindən istifadə edəcək. “Canavarlar”ın baş məşqçisi Eysebio Di Françesko qapını braziliyalı Alissona tapşıracaq. Müdafiə xəttində Bruno Peres, Kostas Manolas, Federiko Fazio və Aleksandr Kolarovun yer alacağı ehtimal olunur. Yarımmüdafiədə Daniele De Rossi, Kevin Strotman və Raca Nainqqolanın çıxış edəcəyini yazan həmkarlarımız “Roma”nın hücum xəttinin Stefan Əl-Şaravi, Edin Dzeko və Qreqorye Defreldən ibarət olacağını düşünürlər.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı saat 20:00-da start götürəcək.

 

0