[b]Qurban Qurbanov: "Roma"nı çox tərifləmək istəmirəm[/b]
26.09.2017 - 17:24
[b]Qurban Qurbanov: "Roma"nı çox tərifləmək istəmirəm[/b]

“Bakıda ilk oyunumuzdu. "Roma" çox peşəkar komandadı. Bizim üçün çətin matç olacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Roma”ya qarşı keçirəcək.

 

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək istəyirik. Çempionlar Liqası fərqli turnirdi. Amma bizim də avrokubok təcrübəmiz var. Belə bir matçın Bakıda olması həm şəhərimiz, həm də ölkəmiz üçün böyük şeydi. Bizim qrupda 3 favorit var - “Çelsi”, “Atletiko” və “Roma”. Bəlkə də, kimlərsə bu siyahıdan “Roma”nı silirdi. Ancaq bu komandanın oyununu izlədikdən sonra bir daha əmin oldum ki, onlar da qrupun favoritlərindəndi. Əlimizdən gələni edəcəyik ki, rəqibə qarşı yaxşı oyun sərgiləyək”.

 

- Sabah stadionda 70 minə yaxın azarkeşin olması gözlənilir. Belə atmosferdəki oyuna hazırlaşmaq necə hissdi?

- Həyəcan həmişə olur. Avropa təcrübəmiz olsa da, Çempionlar Liqası tam fərqli turnirdi. Belə stadionda rəqibləri qəbul etmək xoşdu. Stadion məsələsi çox müzakirə olundu. Amma buna bir daha toxunmağa ehtiyac yoxdu. Nə qədər çox azarkeş qarşısında oynasaq, futbolçular daha inamlı olarlar. Bu gün düşünməliyik ki, öz doğma Bakımızda oynayırıq. Rəqibin gücündən asılı olmayaraq, böyümək üçün bəzi məğlubiyyətlərdən qorxmamalıyıq. Oyundan-oyuna daha inamlı komanda çıxarmaq üçün bu vacibdi. Bu turnirdə kiçik təcrübəmiz var. Həyəcan olsa da, arxayınam ki, futbolçular məsuliyyətlidilər. Öz oyun fəlsəfəmizi göstərməyə çalışacağıq.

 

- Miçel cərimələnibmi və sabah oynayacaqmı?

- Miçel dünən cərimə olundu. Onlar peşəkardılar, bilirlər ki, bu klubda belə şeylər bağışlanmır. Bu hallarla bəzən razılaşmaq lazımdı. İdmanda bəzən idmançı özünü saxlaya bilmir. Hətta mənim özümdə də bəzən belə hallar baş verir. Sadəcə, yaratdığımız intizamdan uzaqlaşmamalıyıq. Səhv edən bunun cavabını verməlidi. Miçelin işinə yanaşmasından, oyunundan razıyam. Həmişə daha artığını etməyə çalışır. Sabah meydanda olmaq ehtimalı çoxdu.

 

- Ansi Aqollinin durumu nə yerdədi?

- Hər şey pozitivdi. Yekun qərarı səhər keçəcəyimiz yüngül məşqdən sonra verəcəyik. Ansinin durumunda xeyli fərq var. Oynamaq ehtimalı var.

 

- Sabah heyətdə nə cür dəyişiklik etmək fikriniz var?

– “Çelsi” ilə matçla müqayisədə heyətdə bəzi dəyişikliklər olacaq. Çünki fərqli oyun göstərən rəqiblərdi. Keyfiyyət və oyun baxımından az da olsa, fərq olacaq.

 

- “Roma”nın heç zəif tərəfini görmədiniz?

- O vaxt PRO kateqoriyasında oxuyurdum. İlk dəfə “Borussiya”, sonra isə “Barselona”ya getdim. “Borussiya”da olanda dedim ki, onlar hardadı, “Qarabağ” harda? “Barselona”ya gedəndə isə dedim ki, “Borussiya” hardadı, “Barselona” harda? Bunlar top-klublardı. Onlarda hər bir üstün cəhət var idi. Hər şey yüksək səviyyədə idi. Amma futbolda ən güclü də səhv edə bilir, məğlub olur. Deməzdim ki, elə zəif cəhətlərini gördüm. Roma kimi böyük bir şəhərin komandasında iki italyan oynayırsa, bu, böyük uğurdan xəbər verir. Belə komandalara qarşı həvəslə oynayıb, addım-addım irəliləmək istəyirəm.

 

- “İnter”, “Fiorentina” və “Roma”... Bu komandaları necə müqayisə edərdiniz?

- “Roma” çox güclü komandadı. Çox tərifləmək də istəmirəm. “Fiorentina” ilə “Roma”nın oyun fəlsəfəsi tam fərqlidi. İtaliyanın ikincisi olmaq az iş deyil.

 

- Düşünmürsünüz ki, Çempionlar Liqasında ən böyük uğur yerlilərə şans verib, onların digər komandalara keçidi üçün şərait yaratmaqdı?

- Futbol elə oyundu ki, burda yarışa çıxırıqsa, həmin gün layiq olan meydana çıxmalıdı. “Qarabağ”da belə bir fikir yoxdu. Əlbəttə, yerli oyunçularımızın daha çox oynamasını istəyirik. Amma kiminsə haqqını əlindən almağı fikirləşmirik. Kim layiqdisə, o da oynamalıdı. Təəssüf ki, bəzən 10 yox, 15 oyunçu əsas heyətdə oynamağa layiqdi, amma onlardan bəzilərini ehtiyatda saxlamalı olursan. Biz daha hazırlıqlı oyunçunu meydana buraxırıq.

0