[b]Polina Rəhimova 38 xal qazansa da...[/b]
30.09.2017 - 21:34
[b]Polina Rəhimova 38 xal qazansa da...[/b]

Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal matçı olan Hollandiya – Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 2:3 hesabı ilə məğlub olduğu görüşün ən dəyərli oyunçusu millimizin üzvü Polina Rəhimova seçilib.

 

Yığmamızın hücumçusu 38 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (31 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən də millimizin üzvüdür. Siyahıda Valeriya Məmmədova hamını qabaqlayıb. Rəqibin oyunçusu Yvon Belien isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə yığmamızın hücumunun qarşısını alıb.

 

Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Polina Rəhimova 38, Natalya Məmmədova 16, Yelizaveta Səmədova 10, Olena Həsənova 5, Kseniya Poznyak və Odina Bayramova 4, Kristina Yaqubova isə komandamıza 1 xal qazandırıb.

 

Qeyd edək ki, millimiz bürünc medal uğrunda Serbiya – Türkiyə cütünün məğlubu ilə üz-üzə gələcək.

0