[b]Bakıda WBC 55-ci Konvensiyasının açılış mərasimi keçirilib[/b] - FOTO
02.10.2017 - 11:39
[b]Bakıda WBC 55-ci Konvensiyasının açılış mərasimi keçirilib[/b] - FOTO

Bu gün Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi təşkil olunub. Apasport.az saytının məlumatına görə, 164 üzv ölkə rəsmisinin qatıldığı tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, WBC-nin prezidenti Maurusio Süleyman, Avropa Boks İttifaqının rəhbəri Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər şəxslər iştirak ediblər.

 

Mərasimi girişi sözü ilə açan Rəhimov bildirib ki, növbəti 4 gündə ölkəmizin ürəyi boksla döyünəcək: "Bu gün işinə başlayan Konvensiyada boksun inkişafına daha da təkan verəcək qərarların qəbul ediləcəyinə əminik. Azərbaycan 25 illik müstəqilliyə malik olsa da, kifayət qədər yüksək nailiyyətlər əldə edib. Ölkəmiz ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında çıxış edib. Burda gümüş medal qazanmışıq. Rio-de-Janeyroda baş tutan Olimpiadada isə idmançılarımız 18 medala sahib olublar. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının nəticəsidi. Ölkəmizdə müxtəlif illərdə bir sıra müxtəlif nüfuzlu yarışlar keçirilib. Azərbaycanda idman pioritetdi. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi yarışlara ev sahibliyi etmişik. Boks ağıl və sürət deməkdi. Fəxr edirik ki, Azərbaycan boksçusu Məhımmədrəsul Məcidov bir müddət əvvəl Hamburqda üçüncü dəfə dünya çempionu adını qazandı. Bu kimi nailiyyətlərin ölkəmizdə boksun inkişafına təkan verəcəyinə inanırıq".

 

Qonaqların təqdimatından sonra Vitali Kliçko çıxış edib. O, Konvensiyanın Bakıda təşkil olunması üçün Azərbaycan prezidenti İlham Əliyevə xüsusi təşəkkür edib: "Biz Azərbaycan prezidenti ilə ötən il görüşərək, Konvensiyanın Bakıda təşkil olunmasını danışdıq. Gənclər və idman naziri Azad Rəhimova da təşəkkür edirəm. Bir idmançı və siyasətçi kimi Azərbaycanda idman infrastrukturunun yüksək olduğunu görürəm. Dostluq münasibətinə görə minnətdaram. Azərbaycanda da WBC üzrə peşəkarların olacağına inanırıq. Qardaşım Vladimirin də salamlarını sizə çatdırıram. Özü burda olmalı idi. Amma hazırda İsveçrədə mühazirəsi olduğu üçün gələ bilmədi. O, heç vaxt WCB-də döyüşmədi və burda titulu yoxdu. Bu da ondan irəli gəlir ki, biz anamıza heç vaxt bir-birimizlə vuruşmayacağımıza söz vermişdik. Gələn il hər birinizi meri olduğum Kiyevdə görməkdən çox məmnun olacağıq. Növbəti Konvensiyaya biz ev sahibliyi edəcəyik. Söz verirəm ki, Kiyevdən möhtəşəm hisslərlə ayrılacaqsız. Azərbaycana da Konvensiyanın uğurlu alınmasını arzulayıram".

 

Daha sonra Holifild Konvensiyanın rəsmi açılışını elan edib. Hopkins isə çıxışında müxtəlif illərdə çempion olduğunu xatırladıb. O, yaşıl kəmərə sahib olduğu üçün fəxr etdiyini deyib.

 

4 günlük Şuranın iclasının ilk günündə Reytinq Komitəsinin və Hakimlər Şurasının qapalı iclasları baş tutacaq. Növbəti günlərdə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub.

 

Bununla yanaşı, məşhur boksçuların kimsəsizlər və uşaq evlərinə də getməsi proqrama daxildi. Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası, Asiya Boks Şurasının görüşləri də baş tutacaq.

 

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın qatıldığı konqres oktyabrın 6-da başa çatacaq.

 

0