[b]Löv Azərbaycanla görüşdən öncə: 10 oyun, 10 qələbə[/b]
03.10.2017 - 13:13
[b]Löv Azərbaycanla görüşdən öncə: 10 oyun, 10 qələbə[/b]

“Seçmə mərhələdə güclü qrupa düşmüşük. Bununla belə, məqsədimiz dünya çempionatına yollanmaqdı”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində C qrupunun ilk 8 matçının hamısında qələbə qazanan Bundestim son iki görüşünü Şimali İrlandiya və Azərbaycana qarşı keçirəcək. Almanlar oktyabrın 5-də Belfastda Şimali İrlandiya ilə bərabərə qalsa belə, mundiala vəsiqəni təmin edəcəklər.

 

Ancaq Löv bununla da kifayətlənmək niyyətində deyil. Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında Azərbaycanla matça da eyni motivasiya ilə çıxacaqlarını bildirib: “Qrupumuz çətin olsa da, yolumuza davam edəcəyik. Hələ seçmə mərhələ start götürməmişdən bir hədəfimiz var idi: 10 oyunun hamısında qələbə qazanmaq. Bizi fikrimizdən heç nə daşındıra bilməz”.

 

Timo Vernerin millidən uzaqlaşdırılmasından sonra onun yerinə heç kimi götürməyən çalışdırıcı ixtiyarındakı hücumçuların bu boşluğu dolduracaq gücdə olduqlarını vurğulayıb: “Bizdə Sandro Vaqner və Lars Stindl kimi ön xətt oyunçuları var ki, onlar Verneri əvəz edə bilərlər. Həmçinin Leroy Sane və Tomas Mülleri də unutmaq olmaz. Onlar da hücumda oynamağı bacarırlar”.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı oktyabrın 8-də Kayzerslauterndə keçiriləcək.

0