[b]“Azərbaycan millisinin müdafiə xətti güclüdü” - Karel Yarolim[/b]
04.10.2017 - 18:50
[b]“Azərbaycan millisinin müdafiə xətti güclüdü” - Karel Yarolim[/b]

“Komandamı sabahkı oyuna yaxşı hazırlaşdırmışam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çexiyalılar növbəti oyunlarını sabah Azərbaycan millisinə qarşı keçirəcəklər.

 

Bakıda baş tutacaq matçdan öncə mətbuat konfransı keçirən Yarolim bunları deyib: “Son 2 matçda maksimum xal qazanmaq istəyirik. Azərbaycan yığması haqda da maksimum məlumatlıyıq. Bilirik ki, rəqib kifayət qədər yaxşı oynayır. Azərbaycan millisinin müdafiə xətti güclüdü. Sabah onlar da qələbə qazanmaq üçün maksimum güc sərf edəcəklər. Rəqibin kombinasiyalı hücumlarının olduğundan da xəbərdarıq. Gücümüzü əsasən ikinci hissəyə yönəltmək fikrindəyik. Oyunun nəticəsinin necə olacağını indidən deyə bilmərik. Bizim üçün vacib matçdı”.

 

- Bu cür qrupda cəmi 9 xal yığmaq Çexiya yığması üçün faciəvi nəticə deyilmi?

- Biz də istərdik ki, daha çox xal toplayaq. Amma nə etmək olar, belə alındı. İndi əsas məsələ odu ki, son 2 oyundan maksimum nəticə ilə ayrılaq. Azərbaycan və San Marino ilə görüşlərdə yaxşı oyun göstərməyə çalışacağıq.

 

- Müdafiə xəttində kimlərin yer alacağını açıqlaya bilərsiniz?

- Bu barədə məlumat vermək istəmirəm. Çünki hər an dəyişiklik ola bilər. İndi düşündüyüm heyət var. Amma sabah dəyişiklik baş verə bilər. Bu gün məşqimiz olacaq. Odu ki, hər şey mümkündü.

 

- İndiki heyətdən kimlərlə yola davam etməyi düşünürsüz?

- Hazırkı heyətin 90 faiz üzvü ilə yolumuza davam edəcəyik.

 

- AÇ-2020 barədə nə deyə bilərsiz? Yenidən Bakıya gəlmək istərdinizmi?

- Bakıya yenə gəlmək istərdim. Təkcə məşqçi kimi yox, turist kimi də gələcəkdə buraya qayıtmaq əla olardı.

 

- Mundiala çıxmaq şansınızın qalmadığını nəzərə alsaq, sabahkı görüşdə əsas heyət üzvləri olmayan futbolçulara şans verməyiniz mümkündü?

- Keçən il Ostravadakı matçdan sonra böyük dəyişikliklər etdiyimi deməzdim. Təbii ki, yeni oyunçular olur. Dəyişikliklər var, amma böyük dəyişiklər deyil.

 

- Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki hər oyundan öncə start heyəti açıqlayır. Bunun sizin üçün önəmi olacaqmı? Millimizin heyətində çəkindiyiniz futbolçu varmı?

- Rəqibin nəyə qadir olduğunu bilirik. Əsasən, müdafiə xətti güclüdü. Bilirik ki, Azərbaycan yığmasının üzvləri futbol oynaya bilirlər. Rəqibin cinah oyunçuları bizə problem yarada bilərlər. Bir də Riçard Almeydanı fərqləndirərdim.

 

0