[b]Mahir Mədətov: Məşhurluq mənim üçün yeni bir şey deyil - MÜSAHİBƏ[/b]
07.10.2017 - 17:11
[b]Mahir Mədətov: Məşhurluq mənim üçün yeni bir şey deyil - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun apasport.az saytına müsahibəsi

 

- DÇ-2018-in seçmə mərhələsində Çexiyaya evdə (1:2) uduzdunuz. Xal almağınıza nə mane oldu?

- Çox istəyirdik ki, qələbə qazanaq. Əlimizdən gələni etdik. Bəzi səhvlər oldu ki, bu da qolla nəticələndi. Bizim də real qol imkanlarımız yarandı, dəyərləndirə bilsəydik, qalib gələrdik. Həm də Rəşad Sadıqovun son oyunu olduğundan, onu yaxşı yola salmaq istəyirdik. Bəzi epizodlarda hücuma çox adamla çıxdığımızdan, müdafiədə boşluqlar yaranırdı. Bu da qol vurmaq istəyimizdən irəli gəlirdi. Səhvlərimizin üzərində işləməliyik.

 

- Komanda məğlub durumda olanda kənarda alışıb-yanmırdınız?

- Əlbəttə ki, hamı alışıb-yanırdı, komandaya kömək etmək istəyirdi.

 

- Millidəki debütünüz cari seçmə mərhələyə təsadüf etdi. Ümumiyyətlə, bu dönəmi özünüz üçün necə dəyərləndirərdiniz?

- İki oyun keçirmişəm, Norveç və Çexiyaya qarşı. Milliyə hələ tam alışmamışam. Deyə bilmərəm ki, artıq yığma oyunçusuyam. Ümumilikdə isə cari seçmə mərhələ komandamız üçün pis alınmadı. Son oyunda da qələbə qazansaydıq, məncə, daha yaxşı başa vurar və yeni tarix yazardıq. Bu seçmə mərhələdə Azərbaycan futbolu çox şey qazandı. Komanda gözəl oyun nümayiş etdirdi.

 

- Çexiya ilə görüşdə meydana gec daxil oldunuz və nəyisə dəyişməyə vaxtınız yox idi. Heç öz-özünüzə demirsiniz ki, kaş meydana tez daxil olaydım, qol vurmağa vaxtım olardı?

- Gənc futbolçuyam, oynamaq üçün alışıb-yanıram. Çalışırdım ki, nəsə edim. Bir az çox vaxtım olsaydı, bəlkə də, nəsə etmək mümkün olardı. Buna bir az məyus oldum. Amma kimə nə qədər şans verməyi baş məşqçi qərar verir. Sadəcə, çox oynamaq istədiyim üçün məyus idim. Rəşadın son matçı olduğundan onunla meydanda birgə olmaq istəyirdim. Digər tərəfdən evdə heç vaxt millinin formasını geyinməmişdim. Ancaq 15 dəqiqəyə də nəsə edə bilərdim.

 

- Matçdan əvvəl plan qurmamışdınız ki, yaxşı nəticə olsa, Rəşadı çiyninizdə meydandan çıxarasınız?

- Xeyr. Heç Rəşad belə şeyləri xoşlamır. Amma qələbə qazanaraq, ona gözəl hədiyyə edə bilərdik.

 

- Almaniya ilə sabahkı matç barədə düşüncələriniz nədi?

- Seçmə mərhələdə son oyunumuz olduğundan, gücümüzü qorumağa ehtiyac yoxdu. Rəqibin kim olduğunu bilirik. Ancaq müasir futbolda hamı ilə oynamaq olar. Ən azı çıxıb gözəl oyun sərgiləmək lazımdı, meydanı tərk edəndə deyə biləsən ki, var gücümlə mübarizə apardım.

 

- Almaniya ilə görüş gənc futbolçu kimi, sizin üçün Avropaya açılmağınız baxımından şans ola bilərmi?

- Bu barədə də düşünürəm. Rəşadla, “Qarabağ”da baş məşqçimiz Qurban Qurbanovla bu barədə söhbət edirik. Onlar da məni qoruyurlar ki, belə düşüncələrim olmasın. Çünki belə fikirləşdikcə, insan eqoistləşir, ancaq özü üçün oynamaq istəyir. Bu günə qədər komandam üçün oynadığım üçün diqqəti cəlb etmişəm. Belə də davam etməliyəm.

 

- Çox gənc yaşda “Qarabağ”ın əsas heyət üzvünə çevrilməyin və diqqət mərkəzində olmağın sirri nədədi?

- Allahıma həmişə şükr edirəm ki, mənə belə bir yol açdı. İkincisi, bəxtim gətirdi ki, Qurban Qurbanov kimi məşqçinin əlinə düşdüm və meydanda Rəşad kimi futbolçu ilə oynayıram. Rəşaddan həmişə bir şeyi özümə örnək götürmüşəm. O, komandanı toplaya bilir. Hər bir oyunçunun psixoloji durumunu bilir. Elə olur ki, özümdən çıxanda, oyunum alınmayanda məni sakitləşdirir.

 

- Bizdə gənc futbolçular bir az yaxşı oynayan kimi, “ulduz xəstəliyi”nə tutulurlar. Siz necə, özünüzü artıq ulduz saymırsınız?

- Öz xarakterimə bələdəm. Bəlkə də, “Qarabağ”da olmasaydım, belə bir halla üzləşərdim. Klubda məni belə şeylərdən qoruyurlar. Bunu həm də ailəmlə bağlayardım. Atamı, anamı çoxlar tanıyır. Məşhurluğu, tanınmışlığı onlardan gömüşəm. Yəni məşhurluq mənim üçün yeni bir şey deyil. Futbolu sevirəm. Futbol mənim üçün bir iş yox, istirahətdi. Meydanda olanda bundan həzz alıram.

 

- Kənardan özündənrazı kimi görünürsünüz...

- Mənim barəmdə bu cür deyildiyini eşitmişəm. Bilmirəm bunu nəyə bağlayırlar. Bəlkə də, son matçlarda Nainqqolanla və “Zirə”nin futbolçusu ilə mübahisəmə görə belə fikir formalaşıb. Səhv məndə idi. Nə qədər təxribata əl atsalar da, buna getməməliyəm. Çalışmalıyam ki, səbrli ola bilim.

 

Ruslan SADIQOV / Kayzerslautern

 

0