[b]“Sxadadze nə iş görüb, nə qələt edib?!” – Yunis Hüseynov[/b]
11.10.2017 - 16:13
[b]“Sxadadze nə iş görüb, nə qələt edib?!” – Yunis Hüseynov[/b]

“Karvan” və “Xəzər Lənkəran” klublarında baş məşqçi olmuş, futbol mütəxəssisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatında 2017/18 mövsümünün ilk dövrəsi geridə qalıb. Ümumi fikirləriniz necədi?

- Çempionatın səviyyəsi yavaş-yavaş aşağı düşür. İlk dövrədə “Qarabağ”la birinci yer uğrunda mübarizə aparan komanda görünmədi. “Qəbələ”nin bunu edəcəyini düşünürdük. Amma onların axırıncı oyunlarına baxdım, “Qəbələ” də hazırda çempionluq uğrunda mübarizə aparacaq səviyyədə deyil. Bir az “Zirə” özünü yaxşı tərəfdən göstərdi.

 

- İlk dövrəyə əsasən, “Qarabağ”ın cari mövsümdə də rahatlıqla çempion olacağını demək mümkündü?

- Birinci dövrəyə baxmamış da bunu hiss edirdim. Hazırlıq dövründə onların keçirdikləri yoxlama oyunlarını izləmişdim və “Qarabağ”ın rahat şəkildə çempion olacağını, həmçinin ölkə kubokunu qazanacağını demişdim. Düzdü, onlar təlim-məşq toplanışında keçirdikləri matçlarda yaxşı nəticəyə imza atmamışdılar. Amma yoxlama görüşlərində nəticə önəmli olmur. “Qarabağ”ın uduzduğu komandalar Azərbaycan təmsilçiləri deyildilər. Bundan əlavə, yoxlama oyunlarında futbolçuda o qədər də motivasiya olmur. Belə matçlarda məşqçilər taktiki gedişləri nəzərdən keçirirlər, heyətdəki bütün futbolçuları yoxlayırlar.

 

- Ötən mövsüm birinci dövrəni ilk pillədə “Qəbələ” bitirmişdi. Bu komandanın cari mövsümdə tam olaraq özünə bənzəməməsinin səbəbini nədə görürsüz?

- “Qəbələ”də hansı çatışmazlıqların olduğunu komandanın baş məşqçisi daha yaxşı bilir. “Kəpəz”lə oyunlarını izləmişdim. Həmin matçda komandanın oyun nizam-intizamı qaydasında deyildi. “Qəbələ” klubunda əməyi olan insanlar var. Oradakı meydançaları görəndə adamın ürəyi açılır. Mənə xoş gəlir ki, futbolçulara o cür şərait yaradıblar. Oyunçuların işi isə 90 dəqiqə ərzində meydanda yaxşı mübarizə aparıb, qalib gəlməkdi.  

 

- “İnter” də hazırda yaxşı günlərini yaşamır. Komandanın baş məşqçisi postunda dəyişikliyin olacağı ilə bağlı tez-tez xəbərlər yayılır. Bu posta namizədlər sırasında Ramiz Məmmədovun, hətta hazırda işsiz olan Kaxaber Sxadadzenin də adı hallanırdı. Seçim imkanı sizdə olsaydı, hansına üstünlük verərdiz?

- Mən olsaydım, Azərbaycanda əcnəbi məşqçi saxlamazdım. Azərbaycanlı məşqçilər ölüblər ki, əcnəbiləri gətirirlər? Mən özümüzünkünü seçərdim. Legioner gətirəndə onun savadlı olduğunu düşünürlər. İnandırım sizi, azərbaycanlı çalışdırıcıların savadı daha yüksəkdi. Sadəcə, bizimkilərə inanmırlar. Bizdə “mənim məşqçim filankəsdi” deməyi xoşlayırlar. İstəyirik ki, özümüzü reklam edək. Svanadzeni, eləcə də digərlərini götürək, hansı azərbaycanlı məşqçilərdən savadlıdı, güclüdü? Elə bir seçimlə üz-üzə qalsam, əlbəttə ki, Ramiz Məmmədova üstünlük verərəm, Sxadadze kimdi, nə iş görüb, nə qələt edib?! “İnter”in imkanlı vaxtında komandaya 6 ildə 1 çempionluq qazandırıb.  

 

- Futbolçu kimi uzun illər formasını geyindiyiniz “Neftçi” komandası Tərlan Əhmədovun gəlişindən sonra necə təsir bağışlayır?

- “Neftçi” ilə bağlı heç vaxt söz deməmişəm. Elə bil mən bu komandada oynamamışam. Bunu belə ediblər ki, Yunis Hüseynovun adı “Neftçi”də hallanmasın. Buna görə də, nəsə demək fikrim yoxdu. Nə danışım, mən “Neftçi”də oynamamışam axı.

 

- “Qarabağ” Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti matçını oktyabrın 18-də “Atletiko”ya qarşı keçirəcək. Hansı nəticəni gözləyirsiz və Ağdam klubunun ÇL-dəki çıxışı haqda ümumi fikriniz necədi?

- “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə artıq tarix yazıb. Bizdə belə bir məsəl var: iştah diş altındadı. İndi deyirik ki, ÇL-də çox xal toplamalı, qrupdan çıxmalıyıq. Biz heç vaxt reallıqla barışmamışıq ki, Azərbaycanda futbolun səviyyəsi çox aşağıdı. Məndən öncə də, mənim vaxtımda da belə olub, indi də elədi. “Qarabağ”ın qrupundakı komandalara da baxmalıyıq. “Çelsi”, “Atletiko” və “Roma” öz ölkələrinin ən güclüləridi. “Qarabağ” Çempionlar Liqasına çıxıb tarix yazırsa, bu elə bəsdi. Hamımız istəyirik ki, “Qarabağ”ın qrupda xalı, qələbəsi olsun. Həm “Atletiko” ilə, həm də növbəti oyunlarda komandamıza uğurlar arzulayıram.

 

0