[b]Tyaqo Teles Martins: Əsəblər tarıma çəkilir - MÜSAHİBƏ[/b]
12.10.2017 - 10:33
[b]Tyaqo Teles Martins: Əsəblər tarıma çəkilir - MÜSAHİBƏ[/b]

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin ilk görüşündə Bosniya və Herseqovinanın “Mostar” klubu üzərində 5:2 hesablı qələbə qazanan “Araz”ın hücumçusu Tyaqo Teles Martinsin apasport.az saytına müsahibəsi

 

- 25-ci saniyədə qol vursanız da, ardının gəlməsi üçün birinci hissənin sonlarını gözləməli olduq...

- Əslində, erkən qol vursaq da, qarşılaşma çox çətin keçdi. Hesaba baxsanız, bunu görmək mümkündü. Rəqib hesabı bərabərləşdirdi, bundan sonra sakit oynamağa çalışdıq. Nəticəsini isə hesabda gördük. Maraqlı qarşılaşma alındı. Aydın məsələdi ki, ilk matçlar çətin, gərgin, əsəbi keçir. Biz isə çalışdıq ki, əsəblərimizə hakim olaq. 4 qolu standart vəziyyətlərdən vurduq. Baş məşqçimiz məşqlərdə “ev tapşırıq”larının üzərində çox çalışdırdı, bəhrəsini isə ilk oyunda gördük.

 

- Rəqibin heyətində tanış simalar çox idi. Bu oyununuza necə təsir etdi?

- Əksəriyyəti Bosniya və Herseqovina millisinin üzvləri idi. Onlara qarşı Bakıda oynamışdıq. Güclü futzalçılardı. Həm bu, həm də ilk oyun amili meydanda ağırlığını hiss etdirdi. İstəyirdik ki, hesabdakı üstünlüyümüzü artıraq, amma qol buraxdıq. Belədə əsəblər tarıma çəkilir. Yaxşı ki, sakitləşə və hesabı tez xeyrimizə dəyişə bildik.

 

- Təşkilatçılıq necədi?

- UEFA-nın bayrağı altında keçirilirsə, deməli, standartlara cavab verilməlidi. Otel normaldı, problem zalla aradakı məsafənin uzaqlığıdı. Hər dəfə avtobusla təxminən 40-45 dəqiqə yol qət edirik. Bu da əlverişli deyil. Zal da normaldı, şikayətimiz yoxdu. Qalır işimizi görmək.

 

- Növbəti rəqib Malta çempionu “Sent Endryu” olacaq. “Araz” üçün onların çəkisi nə dərəcədə ağırdı?

- Bəli, ikinci görüşdə Malta komandası ilə qarşılaşacağıq. Rumıniya təmsilçisi onlara qarşı yaxşı oynadı, doğma meydan amilindən maksimum istifadə etdi. “Deva” ilə oyunun birinci hissəsini izlədik. Düzdü, Rumıniya çempionu erkən qollar vurdu, amma oyun ağır keçdi. Heyətlərində italiyalı, braziliyalı, xorvat futzalçılar çoxdu. Taktiki cəhətdən də yaxşıdılar. Zəif tərəfləri var, ondan istifadə edəcəyik. Amma biləsiniz ki, komandanı gücləndirmək üçün son bir ildə xeyli iş görüblər. Malta çempionu ilə matçımız da çətin keçəcək.

 

- Elit-raunda yüksəlmək üçün qrup lideri olmaq lazımdı. Bu yolda şansları necə dəyərləndirirsiz?

- Yaxşı şansımız var. Qələbə ilə başladıq, davamını gətirməliyik. Bu gün qələbə qazanmalıyıq, çünki dünənki nəticə arxada qaldı. Şənbə günü isə növbəti çətin duelimizə çıxacağıq. Güclü komandamız var. İlk oyunda 5 qolun 4-nü standart vəziyyətlərdən vurmuşuqsa, bu yaxşı göstəricidi. Deməli, komandada məşqçi işi var. Bizə nə lazım olduğunu bilirik. İşimizdən də həzz alırıq. Düzgün yoldayıq. Bu əməyin bəhrəsini mütləq görəcəyik.

 

0