[b]“Sirli qutu”, “asan yem”: Püşkdən nə istəyək?[/b]
12.10.2017 - 14:43
[b]“Sirli qutu”, “asan yem”: Püşkdən nə istəyək?[/b]

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının dəstələri və səbətlərinin açıqlanması Azərbaycan millisinin potensial rəqiblərinin aslarına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, D liqasında çıxış edəcək yığmamız qrup mərhələsində 11 mümkün rəqiblə görüşə bilər.

 

Liqanın ən yüksək reytinqli komandası olan millimiz yanvarın 24-də baş tutacaq püşkatmada I səbətdə yer alacaq. Digər səbətlərdən gələcək rəqiblər də komandamızın dişinə görə olmalıdı.

 

II səbətdə yer alan Ermənistanla qrupda düşə bilmədiyimizdən buradan 3, digərlərindən 4 rəqiblə üzləşməyimiz mümkündü. Tarixə nəzər salıb, bu komandalarla əvvəlki oyunlarımızın nəticələrinə görə ən münasib qrupu müəyyənləşdirmək mümkündü.

 

II səbət

 

Ermənistan – qarşılaşmamışıq və qrupda görüşə də bilmərik. AVRO-2008-də eyni qrupda yer alan komandaların duellərinin baş tutmasında UEFA da aciz qalmış və hər iki milli tsikli 2 oyun əskik keçirməklə bitirmişdi.

 

Latviya – Sonuncu dəfə 13 il öncə - 2004-cü ildə qarşılaşdığımız Baltikyanı ölkə təmsilçisi ilə 3 oyunumuz baş tutub. Bütün görüşlər də heç-heçə başa çatıb. Əsrin əvvəllərində özündən söz etdirən rəqibimiz indi idealdan uzaq səviyyədə olduğundan bu komandadan çəkinməyə əsas yoxdu.

 

Farer adaları – Şimallılar yığmamızın tarixinə düşən komandadı. Çünki ilk böyük hesablı qələbəmizi 1996-cı ildə bu rəqib üzərində əldə etmişik – 3:0. Lakin həmin matç komandalar arasında yeganə oyun kimi qalıb. 21 ildə xeyli güclənən adalılar son tsikldə Latviyanı da arxada qoymağı bacarıb.

 

Lüksemburq – II səbətin ən təhlükəli komandası hesab etmək olar. Yoxlama oyununda udduğumuz rəqiblə seçmə mərhələlərdəki 2 qarşılaşmada bərabərliklə kifayətlənmişik. Müqavimətini qırmaqda çətinlik çəkdiyimiz lüksemburqluların son tsikdə Fransadan da xal alması onları arzuolunmaza çevirir.

 

III səbət   

 

Qazaxıstan – Ən çox qarşılaşdığımız rəqiblər arasında 2-ci olan yığma eniş dövrünü yaşayır. Millimizlə 9 matçda ümumi üstünlüyə malik olan qazaxıstanlılarla seçmə mərhələdə 4 dəfə görüşmüşük. Komandalar hərəyə 1 qələbə və 2 heç-heçəyə imza atıb. Son tsikli qələbəsiz başa vuran yığma millimiz üçün çətinlik yaratmamalıdı.

 

Moldova – Son seçmə mərhələdə qələbə görməyən tanışımız Moldovadı. 9 dəfə görüşdüyümüz bu rəqib də şəxsi oyunlarda üstünlüyə malikdi. Amma son dueldə Bakı Olimpiya Stadionunda yendiyimiz komanda indi ən zəif dövrlərindən birini yaşayır.

 

Lixtenşteyn – DÇ-2018-in seçmə mərhələsini xalsız başa vuran “cırtdanlar” istənilən rəqib üçün arzulanan komandadı. Düzdü, 5 dəfə qarşılaşdığımız bu yığma millimizə 2 dəfə - qələbə və heç-heçə ilə badalaq da vurub. Seçmə mərhələlərdə ilk böyük hesablı qələbəmizi qazandığımız komanda bizim üçün 6 xal mənbəyi də hesab edilməlidi.

 

Malta – Son tsikli 10 oyunda qazanılan 1 xalla başa vuran ada ölkəsinin yığması uzun illər millimizin qənimi olub. Böyük hesablı məğlubiyyətlər aldığımız rəqibi son illərdə “asan yem”ə çevirə bilmişik. Seçmə oyunlarında da bunu göstərdiyimiz “cırtdan”la duellər millimizə də asan gəzinti vəd edir.

 

IV səbət

 

Andorra – Uzun illər Avropanın ən zəiflərindən sayılan andorralılar həmişə yığmamıza çətin rəqib olub. 5 oyundan yalnız birində məğlub etdiyimiz “cırtdan” son tsikldəki çıxışı ilə də diqqət çəkib. Ardıcıl 5 seçmə mərhələdə xal qazanmayan andorralılar bu dəfə 4 xalla əsl “uğur” qazandı.

 

Kosovo – UEFA ailəsinin ən azyaşlı sakini indiyədək yığmamızla görüşməyib. DÇ-2018-in seçmə tsiklini sonuncu pillədə başa vuran balkanlılar əslində ideal rəqib deyil. Yığmamız üçün “sirli qutu” sayılan bu komanda ilə duellərdə az da olsa büdrəmək riski də var.

 

San Marino – Seçmə mərhələlərdə ikinci böyük hesablı qələbəmizi və ən çox qol vurduğumuz komandanı istənilən azarkeş yenidən Bakıda görmək istəyər. Çünki son tsikldə 6 xal aldığımız və evdə 5:1 hesabı ilə yendiyimiz rəqib çox münasibdi. DÇ-2018-in Avropa zonasının seçmə mərhələsinin ən zəif nəticəsi də bu komandaya məxsusdu.

 

Cəbəllütariq – İndiyədək qarşılaşmadığımız azsaylı Avropa ölkələrindən biri olan “cırtdan” da son tsikldə xal qazanmayıb. Qatıldığı ikinci mərhələni də belə uğursuz keçirən bu yığmanın seçmə xalı hələ də olmayıb.

 

0