[b]“Azərbaycanda əcnəbilərdən pul qazanmağa çalışırlar”[/b]
12.10.2017 - 16:26
[b]“Azərbaycanda əcnəbilərdən pul qazanmağa çalışırlar”[/b]

“Qəbələdə bir neçə min insan yaşayır. Amma stadionumuza hamısı gəlmir. Azərbaycanda əsl futbol mədəniyyəti yoxdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi Deyv Bultuis deyib.

 

Hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

O, əvvəlcə Azərbaycanda Premyer Liqası haqda danışıb: “Azərbaycan çempionatının səviyyəsi Hollandiyanın ikinci liqasının səviyyəsi ilə eynidi. Yüksək dəstədə 8 komanda mübarizə aparır, bu baxımdan hardasa Şotlandiya çempionatına bənzəyir. Belədə bir komanda ilə mövsüm ərzində 4 dəfə qarşılaşmalı olursan. “Qarabağ” da daxil olmaqla, əksər klublar ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanda həyat Bakıdadı, bu şəhər ölkənin ürəyidi. Neftin hesabına burda böyük pullar var”.

 

Bultuis daha sonra “Qəbələ”yə keçidindən söz açıb: “Azad agent statusu daşıyanda müxtəlif yerlərdən təklif alırsan. “Nürnberq”də 3 il oynadıqdan sonra oranı tərk etdim. Azərbaycandan gələn təklifi əvvəlcə qəbul etmək istəmirdim. Amma “Qəbələ”nin təklif etdiyi müqavilənin maddi tərəfi məni cəlb etdi. Əla sözləşmə imzaladım. Həmin vaxt APOEL və “Sürix”ə də keçmək variantım var idi. Lakin “Qəbələ”də nə qədər pul qazanacağımı bildikdən sonra bu şansı əldən buraxa bilməzdim. Amma indi başa düşürəm ki, çoxlu pul qazanmaq heç də xoşbəxt olmaq demək deyil. Bu mövsüm çempion “Qarabağ”a qarşı keçirdiyimiz oyunda stadiona 2 mindən çox azarkeş gəlməmişdi. Özü də bu rəqəm Azərbaycan futbolunda yüksək sayılır. Əksər matçlar ən yaxşı halda bir neçə yüz insanın gözü qarşısında keçirilir. Mən publikaya ehtiyac duyan futbolçuyam. “Utrext” və “Nürnberq”də bu sarıdan problem yaşamamışam. Fanatlarla həmişə yaxşı münasibətdə olmuşam. Almaniyada azarkeşlər məni yüksək qiymətləndirirdilər. Az fanatın gəldiyi oyuna özünü motivasiya etmək çox çətindi. Bəlkə də, Azərbaycan futbolunu lazımi səviyyədə qiymətləndirmirəm. Amma ümumi götürəndə belə bir mənzərənin şahidi oldum. Con Kollinz və Lorentso Ebesilionun vaxtilə “Qəbələ”də oynadığını bilirdim. Lakin təklif alanda onlarla əlaqə saxlamadım. Yaxşı ki, Dion Malone yanımdadı. Onunla yaxşı anlaşırıq, şəhərə birgə çıxırıq, bir yerdə yemək yeyirik”.

 

27 yaşlı müdafiəçi Bakı həyatının yüksək səviyyəli olduğunu vurğulayıb: “Avropanın böyük şəhərlərində olduğu kimi, burda da hər şey var: tanınmış mağazalar, əla restoranlar və şən gecə həyatı. Azərbaycanlılar yeni Dubay yaratmaq istəyirlər. “Formula-1” yarışı da Bakıda keçirilir. Burda imkanlılar çoxdu. Amma əks vəziyyətdə olanlar da kifayət qədərdi. Bakıya yaşayırsızsa, ya çox imkanlısız, ya da həddindən artıq kasıbsız. Azərbaycanlılar dostcanlı olduqları qədər əcnəbilərdən pul qazanmağa çalışırlar. Taksiyə eyni məsafəyə görə hər dəfə fərqli məbləğdə pul ödəyirsən. Buna görə də, çox diqqətli olmalısan”.

 

Bultuis ailəsi üçün darıxdığını gizlətməyib: “Hollandiyadan Bakıya birbaşa təyyarə reysi yoxdu. Buna görə də, ya Kiyev, ya da İstanbulda eniş etməklə, gəlib çatmaq mümkündü. Təxminən 20 saat yolda oluram. Ailəm və dostlarım, əsas da oğlum üçün darıxıram. Onun 1 yaşı var. “Facetime” və “Skype” vasitəsilə ailəmlə əlaqə saxlayıram, onları görürəm. “Qəbələ” ilə 3 illik müqavilə bağlamışam. Lakin 1 ildən sonra da təzminat ödəmədən komandadan ayrılmaq hüququm var. Karyeramın bundan sonra necə cərəyan edəcəyini deyə bilmərəm. Hələ ki, ölkə xaricində oynamaq istəyirəm. MLS də diqqətimi cəlb edir. Ötən yay Hollandiyadan təkliflərim var idi. Ancaq qayıtmağın hələ tez olduğunu düşünürəm. Nə vaxt geri dönsəm, ilk seçimim “Utrext” olacaq. Bu klubda yaxşı illər keçirmişəm. Komandamızda Strotman, Mertens və van Volfsvinkel kimi futbolçular çıxış edirdi. İndi hansı klublarda oynadıqlarını görmək xoşdu. Onlarda olan istedad məndə yoxdu. Azərbaycan mənim üçün yeni macəradı”.  

 

0