[b]“Prosineçki yığma üçün ən düzgün seçim olar” - FOTO[/b]
13.10.2017 - 14:07
[b]“Prosineçki yığma üçün ən düzgün seçim olar” - FOTO[/b]

“Prosineçkinin Azərbaycan yığmasında gördüyü işlərdən məlumatlıyam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Yaponiya yığmasının baş məşqçisi Vahid Halilhodziç deyib.

 

Təcrübəli mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçməyə əsas namizədlərdən sayılan Robert Prosineçki haqda danışıb. O, ölkəsinin mətbuatına açıqlamasında millimizin xorvatiyalı çalışdırıcısını tərifləyib.

 

Halilhodziç Bosniya və Herseqovina futbolundakı hadisələri diqqətdə saxladığını bildirib: “Tokioda olsam da, ölkəmdəki bütün yeniliklərdən xəbərdaram. Müntəzəm olaraq, yeni informasiyalarla tanış oluram, məlumatlar əldə edirəm. Bilirəm ki, yığmanı çalışdırmağa namizədlərdən biri də Prosineçkidi. Robert əla futbolçu olub. Hazırda isə məşqçi kimi fəaliyyət göstərir. Onun Azərbaycan yığmasındakı fəaliyyətini izləmişəm. Rəhbərlik etdiyi komandanın son seçmə mərhələdə necə çıxış etdiyini bilirəm. Yekunda turnir cədvəlində aşağı pillələrdə qərarlaşsalar da, ümumilikdə, hər şey yaxşı keçdi. Prosineçki məşqçi kimi də böyük potensiala sahibdi. Bundan əlavə, həm də yaxşı insandı, xarizmaya malikdi. Bunlar isə vacib məqamlardı. Məncə, Prosineçki yığma üçün ən düzgün seçim olar”.

 

Qeyd edək ki, əvvəllər “Lill”, “Renn”, PSJ və “Trabzonspor” klublarını da çalışdırmış Vahid Halilhodziç 2015-ci ildən Yaponiya yığmasının “sükanı arxası”ndadı.

 

 

 

 

 

0