[b]“Azərbaycan peşəkar boksunda hər şey yaxşı olacaq” - dünya çempionu[/b]
13.10.2017 - 17:06
[b]“Azərbaycan peşəkar boksunda hər şey yaxşı olacaq” - dünya çempionu[/b]

“Bakıdakı təcrübəm göstərdi ki, Azərbaycanda istedadlı boksçular yetərincədi. Onlar yaxşı döyüşməyi bacarırlar”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə dünya və Avropa çempionu Ramazi Paliani deyib.

 

“Baku Fires” klubunda da çalışmış gürcüstanlı mütəxəssis Azərbaycanın Dünya Boks Şurasına üzv seçilməsinə münasibət bildirib: “Savadlı məşqçi ilə onlar uğur qazana bilərlər. Yüksək səviyyəli məşqçini dəvət etmək olar. Sadəcə, məşqçi dəyişmək yox, ona vaxt vermək lazımdı. Həmin vaxt da öz məşqçilərini də yetişdirmək olar. Düşünürəm ki, bu, Azərbaycan üçün böyük həlledilməz problem deyil. Əksinə, Azərbaycanda dövlət tərəfindən göstərilən qayğıya hər yerdə rast gəlmək olmur. Təbii ki, mən Rusiyanı nəzərdə tutmuram. Orda da idman dövlət tərəfindən dəstəklənir ki, əksər ölkələr bunu ancaq xəyalına gətirə bilər. Bu müsbət hal, böyük üstünlükdü. İstək və maliyyə resursları varsa, digər məsələlər daha asan həll olunur. Azərbaycanda hər şərait var, yalnız məşq etməlisən. İstənilən məşqçi üçün bu bir xəyaldı. Peşəkar boksda maliyyə rebusları böyük rola malikdi. Orda hər şey üçün pul ödəməlisən”.

 

Hazırda Türkiyə millisində işləyən mütəxəssisin sözlərinə görə, Azərbaycanda istedadlı boksçular çox olsalar da, onlardan hansının dərhal peşəkar boksda uğur qazanacağını söyləmək çətindi: “Bunu iş başında sınamaq lazımdı. Çünki həvəskar səviyyədə uğurlar qazanan idmançı 3 raunddan artıq döyüşə bilmir. Peşəkar boksda isə 12 raund mübarizə aparmaq lazımdı. Amma ümumilikdə yaxşı həvəskar boksçular peşəkar boksda da isbat olunurlar. Sadəcə, məşqçi onu düzgün hazırlamağı bacarmalıdı. Təbii ki, peşəkarlarda daha çətindi. Çünki burda məşqdə daha çox əziyyət çəkməlisən”.

 

Gürcüstan yığmasının sabiq baş məşqçisi “moscow-baku.ru”ya müsahibəsində Azərbaycanın peşəkar boksda uğur qazanacağına əminlik də ifadə edib: “Prinsipcə, hansı azərbaycanlı boksçunun peşəkar rinqdə sözünü deyə biləcəyini söyləməyim mümkündü. Bu, Cavid Çələbiyevdi. Yeri gəlmişkən, o, dünya çempionu olub. Bu idmançı boksu, məşq etməyi sevir. Həm də onun əla, peşəkar üslubu var. Əminəm ki, Azərbaycan peşəkar boksunda hər şey yaxşı olacaq. Əgər Bakıya Vitali Kliçko, Bernard Hopkins, Erik Morales, Viktor Postol, Kostantin Tszyu, Yuri Arbaçaçov kimi insanlar gəlibsə, bu faktın özü çox şeydən xəbər verir”. 

0