[b]“3 qolu rəqibə hədiyyə etdik” - MÜSAHİBƏ[/b]
14.10.2017 - 00:05
[b]“3 qolu rəqibə hədiyyə etdik” - MÜSAHİBƏ[/b]

Futzal üzrə UEFA kubokunun əsas mərhələsi çərçivəsində “Sent Endryus”la (6:4) dünənki matçda pokerə imza atan “Araz”ın oyunçusu Maykon da Silva Qayevskinin apasport.az saytına müsahibəsi

 

- Matçın bu axarda keçəcəyini gözləmirdiniz?

- Rəqibimiz yaxşı komandadı. Maltanı təmsil etsələr də, heyətlərində təcrübəli futzalçılar var. Onlar xeyli vaxtdı oyunlarda iştirak edirlər. Bizə qarşı da yaxşı mübarizə apardılar və işimizi xeyli çətinləşdirdilər.

 

- Görüşün əvvəlində hesabda 2 top fərqi ilə geri düşməyinizi nə ilə izah edərdiniz?

- Oyun çətin keçdi. Çünki çoxlu səhvlərə yol verdik. Hətta deyərdim ki, 3 qolu rəqibə hədiyyə etdik. Təbii ki, futzalda səhvlər etdinsə, mütləq bundan yararlanacaqlar. Yaxşı komandamız var. Əsas odu ki, sürprizə imkan vermədik və 3 xalı qazandıq.

 

- “Araz” bombardirinin xidmətindən “Deva”ya qarşı istifadə edə bilməyəcək. Buna görə təəssüflənirsizmi?

- Bəli, vacib oyunda iştirak etməyəcəm. Amma həmin epizodlarda bunu etməli idim. Çünki komandamın qələbəsi daha vacibdi. Kənardan izləmək çətin olacaq, lakin barışmalıyam. Komanda yoldaşlarıma bu dəfə kənardan dəstək olmağa çalışacam.

 

- Bu rəqibin oyununu izləmisiz. Qənaətiniz necədi?

- “Deva” qrupumuzun ən yaxşı komandasıdı. Üstəlik, onlar evdə oynayacaqlar. İşimiz çətin olacaq. Rəqib son şansından maksimum istifadə etməyə çalışacaq. Ancaq turnir cədvəli bizi məğlub olmamağa vadar edir. Məncə, işimizin öhdəsindən gələcəyik.

 

- Deməli, elit-raund üçün ən şanslı komanda “Araz”dı?

- Şansımız böyükdü. Heyətimiz güclüdü, təcrübəli oyunçulardan qurulub. Hər birinin bu cür yarışlarda kifayət qədər təcrübəsi var. Bu üstünlüyümüzdən istifadə etməliyik.

 

- Artıq 6 qol vurmusuz. Yekunda bombardir olmaq haqda düşünürsüz?

- Əlbəttə, bombardir olmağı istərdim. 6 qol vurmuşam. Təəssüf ki, son oyunda bunu davam etdirə bilməyəcəm.

 

- Məğlub etdiyiniz rəqiblərdən hansı daha güclüdü?

- Hər iki komandanın özünəməxsus üstünlükləri, özəllikləri var. Xüsusilə, ikinci oyun bizim üçün çətin keçdi. Çünki rəqibimiz birinci görüşümüzü izləmişdi və hazırlığını da buna uyğun qurmuşdu. Artıq necə oynadığımızı bilirdilər. Ayırmaq istəməzdim, hər ikisi yaxşı, güclü rəqiblərdi.

 

0