[b]"Orda ayrı-seçkilik var idi" - MÜSAHİBƏ[/b]
14.10.2017 - 16:41
[b]"Orda ayrı-seçkilik var idi" - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin və "Səbail" klubunun qapıçısı Emil Balayevin apasport.az saytına müsahibəsi

 

- "Ayntraxt"a gedərkən sizə ümidlər böyük idi. Niyə Almaniyada karyeranız uğurlu alınmadı?

- "Ayntraxt" baxışdan keçirmək üçün mənə təklif göndərmişdi. Baş məşqçi Tomas Şaaf idi. Onun köməkçisi millimizdə Berti Foqtsla birlikdə çalışmışdı. Həmin ərəfələrdə "Araz Naxçıvan"da icarədə idim və "Neftçi"yə qayıtməşdım. "Neftçi"də ardıcıl bir neçə matçda iştirak etdikdən sonra mənə dedilər ki, Tomas Şaaf qapıçı axtarır, baxışdan keçmək lazımdı. Bildirdim ki, "Neftçi"yə rəsmi təklif gəlsə, bu barədə düşünə bilərəm. Onların təklifindən sonra gedib baxışdan uğurla keçdim. Müqavilə bağladıqdan cəmi 5 ay sonra Şaaf komandadan ayrıldı. Məşqçi heyəti dəyişəndən sonra bir az çətin oldu. Tomas Şaafın mənə ümidi böyük idi. Yeni baş məşqçi isə fərqli düşündü. Yeni mövsüm başladıqdan 2-3 tur sonra zədə aldım, iki ağır əməliyyat keçirdim. Yaz aylarında daha bir dəfə əməliyyat olundum. Belə prosesdən çıxmaq hər bir futbolçu üçün çətindi. Müqavilə müddətim də bitdikdən sonra ortaq məxrəcə gələ bilmədik.

 

- Almaniyada yerli futbolçularla gəlmələr arasında nə kimi fərq qoyurlar?

- Almanlar işlərinə çox peşəkar yanaşırlar. Orda olduğum müddətdə bunu gördüm. Kiçik də olsa, ayrı-seçkilik var idi. Mən buna tərəfkeşlik deməzdim. Serbiyadan, Bosniya və Herseqovinadan, Afrika ölkələrindən uşaqlar var idi. Onlarla daha mehriban idim.

 

- Azərbaycana qayıtmağınıza hər kəs məyus olmuşdu. Siz necə, dönüşünüzə üzülmədiniz?

- Həqiqətən də, Almaniyaya başqa ümidlərlə getmişdim. Ancaq futbolda hər şey olur, bəzən ümidlər doğrulmur. Mən optimist insanam. Bu üzdən düşünürəm ki, qayıtsam da, gələcəyə inamla baxıram. Öz üzərimdə işləsəm, daha çox oyun praktikam olsa, bir müddət sonra yenidən Avropa ölkələrinə getməyə çalışacam.

 

- Qayıtdıqdan sonra "Qarabağ"da heyətə düşə bilməməyinizə nə səbəb oldu?

- "Qarabağ" son illər uğurlu çıxış edir və stabil heyəti var. Onlar İbrahim Şehiç kimi çox güclü qapıçıya sahibdilər. Həm qapıçı, həm də insan kimi onun barəsində yalnız müsbət fikir söyləyə bilərəm. "Qarabağ"da çox az oldum. Sonra fikirləşdim ki, əvəzedici heyətdə yer almaqdansa, I divizionda çıxış edib təcrübə toplayım, oyun praktikamı artırım.

 

- "Ayntraxt"dan başlayan macəra "Səbail"ə qədər gəldi. Heç öz-özünüzə demirsiniz ki, kaş "Neftçi"də qalaydım?

- Xeyr. Mən "Araz Naxçıvan"dan "Ayntraxt"a yüksəlmişdim. Həmin vaxt bunu heç kim uğur kimi qələmə vermədi. Ancaq yuxarıdan aşağı düşəndə daha çox diqqət çəkir.

 

- Toparlanmaq çətin olmadı?

- Elə də çətin olmadı. İnsan qarşısına bir məqsəd qoyursa, ona nail olmaq üçün əlindən gələn hər şeyi etməlidi. Neçə dəfə düşməyin qorxusu yoxdu. Əsas odu ki, hər dəfə düşəndə qalxmağa özündə güc tapa biləsən.

 

- Renat Dadaşov hazırda "Ayntraxt"da çıxış edir. Onunla bu barədə söhbətiniz olubmu?

- Yox, Renatla millidə tanış olduq. "Ayntraxt" barədə danışmamışıq.

 

- Ordakı komanda yoldaşlarınızla əlaqə saxlayırsınızmı?

- Bəli, ünsiyyətdə olduğum uşaqlar var. Serbiyalı futbolçular və ehtiyat qapıçı ilə arada yazışırıq. Çexiya yığmasının oyunçusu Vaçlav Kadleç mənimlə birlikdə "Ayntraxt"da idi. Yığma komandamızın çexlərlə oyunu zamanı onunla da söhbətləşmək imkanım oldu.

 

- Kamran Ağayevin yaşı artıq keçir. Emil Balayevi neçə ildən sonra əsas millinin çərçivəsində görə biləcəyik?

- Bu suala dəqiq cavab verə bilmərəm. Çünki Səlahət Ağayev kimi təcrübəli qapıçımız var. Əgər milliyə dəvət alırıqsa, həm çempionatda, həm də millidə özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Məşqçinin etimadını qazanmaq vacibdi.

 

- Yenidən yüksəlişə hazırsınızmı?

- Hər bir futbolçunun borcudu ki, bacarığını ortaya qoysun. Mənim də işim məşqlərdə fəal iştirak edib, yüksəlişə keçməkdi.

 

- Azərbaycan Premyer Liqasında ikinci dövrə başlamaq üzrədi. İlk dövrəni "Səbail" üçün necə dəyərləndirərdiniz?

- Komandamız əsasən gənc heyətə sahibdi, müəyyən qədər təcrübəsizliyimiz var. Ancaq baş məşqçimiz Samir Əliyevin seçdiyi düzgün strategiya sayəsində qısa zamanda toparlandıq. Mövsümün əvvəlində hər kəs düşünə bilərdi ki, "Səbail" autsayder olacaq. Amma biz güclü rəqiblərə qarşı da döyüşkənliyimizi ortaya qoyuruq.

 

- Birinci dövrədə "Qarabağ" və "Zirə"dən sonra ən az (8) qol buraxan komandalardan biri olsanız da, rəqib qapılarına cəmi 4 dəfə yol tapmısınız. Belə demək olarmı ki, hücum xəttiniz lazımi səviyyədə deyil?

- Ümumi götürdükdə, yaxşı oynasaq da, sonluq çox da uğurlu olmur. Samir müəllimin tapşırıqlarını uşaqlar yerinə yetirməyə çalışırlar. Ancaq hardasa alınmır. Əgər bütün tapşırıqlar yerinə yetirilsə, daha yaxşı nəticə göstərə bilərik.

 

- "Neftçi" yeni qapıçı axtarışındadı. Təklif gəlsə, bu komandaya qayıdarsınızmı?

- Bu barədə heç düşünməmişəm. Çünki hazırda "Səbail"lə müqaviləm var. İndi yalnız bu klubun uğurları barədə fikirləşirəm. Belə bir təklif olarsa, klublar öz aralarında danışıq aparmalıdılar.

 

- Sabah Premyer Liqanın VIII turunda məhz "Neftçi" ilə qarşılaşacaqsınız. Bu rəqibə qarşı xüsusi nəsə hiss edirsinizmi?

- "Neftçi" Azərbaycan futbolunun "flaqman"ıdı. Uşaqlıqdan "Neftçi" məktəbini keçmişəm, orda peşəkar futbolçu olmuşam. Ancaq işimə peşəkar yanaşıram. Digər komandalara qarşı necə, "Neftçi" ilə matça da o cür hazırlaşıram. Meydana çıxanda yalnız formasını geyindiyim komandanın uğurları barədə düşünürəm.

 

Ruslan SADIQOV

0