[b]“Məni burda istəmirlər” - Prosineçkinin maraqlı variantı[/b]
17.10.2017 - 09:33
[b]“Məni burda istəmirlər” - Prosineçkinin maraqlı variantı[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Trabzonspor”un “sükanı arxası”na keçməyə çox yaxındı. Apasport.az-ın məlumatına görə, bu iddia ilə fanatik.com.tr saytı çıxış edib.

 

Bildirilir ki, ilk hədəfi Fatih Terim olan Qara dəniz təmsilçisi təcrübəli mütəxəssisdən “yox” cavabı alıb. Belə ki, Terim bir müddət ölkəsində klub çalışdırmaq fikrində olmadığını bildirib.

 

Rıza Çalımbay, Mustafa Reşit Akçay, Mişel Predom və Klod Pueli də gündəmdə saxlayan “bordo-mavililər” əvvəlcə Prosineçki ilə təmasa keçiblər. Superliqa təmsilçisinin prezidenti Muharrem Usta və klub nümayəndələrinin xorvatiyalı mütəxəssislə görüşüb, ortaq məxrəcə gəldikləri vurğulanıb. Müqavilədəki xırda detallar da həll edildikdən sonra yığmamızın çalışdırıcısının həftəsonu Türkiyəyə yollanaraq, rəsmi sazişə qol çəkməsi gözlənilir.

 

Adı Bosniya və Herseqovina, həmçinin Sloveniya milliləri ilə birgə də hallanan 48 yaşlı çalışdırıcının Trabzon klubundakı qazancı da açıqlanıb. Belə ki, sabiq “Kayserispor”lunun yeni klubundakı illik məvacibinin 1,5 milyon avro olacağı qeyd edilib. Hətta adıçəkilən yığmaların rəhbərlərinin bunu nəzərə alaraq, yeni çalışdırıcı axtarışına çıxdıqları da vurğulanıb. Bosniyalılarla sloveniyalıların geri çəkilmələrinin digər səbəbi kimi isə xorvatiyalının aylıq 30 min avroluq məvacib tələb etməsi göstərilib.

 

Prosineçki özü də Xorvatiya mətbuatına açıqlamasında klub karyerasını bərpa etmək arzusunda olduğunu gizlətməyib: “Xorvatiya yığmasında işləməyəcəm. Məni burda istəmirlər. Millimizin heyətində ulduz futbolçular var. Komandanın dünya çempionatına yollanacağına şübhə etmirəm. Klub karyerası hazırda mənə daha maraqlı gəlir. Ancaq indi iş tapmaq asan deyil. Məsələn, Sloveniya maraqlı variantdı. Onların yaxşı oyun potensialı var. Ən önəmlisi isə futbol federasiyalarının tam şəkildə təşkilatlanmasıdı. Sloveniyalılar başqaları kimi böyük pul xərcləmirlər. Ancaq ordakı qaydalar çox yaxşıdı”.

 

Qeyd edək ki, AFFA ilə müqavilə müddəti dekabra qədər olan Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında bu gün Azərbaycana gələcəyini və rəhbərliklə görüşdükdən sonra məsələyə aydınlıq gətirəcəyini bildirmişdi.

0