[b]“Azərbaycanda çətin gecələrim oldu” – MÜSAHİBƏ[/b]
17.10.2017 - 10:51
[b]“Azərbaycanda çətin gecələrim oldu” – MÜSAHİBƏ[/b]

Azərbaycanın qadınlardan ibarət yığma komandalarının keçmiş baş məşqçisi Patrisia Qonzales ölkəsi İspaniyada AS nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, hazırda UEFA və FİFA-da analitik kimi fəaliyyət göstərən, Madrid Federasiyasında U-18 komandasına rəhbərlik edən və qadın futbolunun idman direktoru vəzifəsində çalışan Qonzales Azərbaycan futbolu barədə danışıb.

 

- İspaniyalı məşqçi üçün Azərbaycanda çalışmaq necədi?

- Peşəkar məşqçi kimi ilk dəfə İspaniyadan kənarda işlədim. İşimin də öhdəsindən gəldim. Həmin vaxt İspaniyada peşəkar səviyyədə çalışmaq mürəkkəb idi. Əlimə düşən imkanı dəyərləndirdim. Bütün diqqətimi işimə yönəltdim. Çünki orda böyüyəcək və özüm üçün yeni qapılar açacaqdım. Bu baxımdan şanslı olduğumu düşünürəm.

 

- Tanımadığın bir ölkəyə getmək üçün cəsur olmalısan...

- Məqsədim peşəkar iş görmək idi və İspaniyada bu, çətin görünürdü. Mənim üçün bir fürsət idi. Tam fərqli mədəniyyətə və futbola sahib ölkəyə getdim. Ancaq bu təcrübədən də yararlanmaq yaxşı oldu.

 

- Azərbaycanın U-19 və U-21 yığmalarında 3 il çalışdınız. Orda diqqətinizi nə çəkmişdi?

- İlk ilim çətin keçdi. Yeni bir yerə getdiyiniz zaman bir andaca hər şeyi dəyişmək istəyirsiniz və bunun mümkün olmadığını bilirsiniz. Çətin uyğunlaşma dönəminə ehtiyacınız olur. İlk işim uyğunlaşmaq idi və bunun üçün də səbrli olmalı idim. Çətin olsa da, bəzi şeyləri dəyişməyi bacardığımı düşünürəm. Ancaq orda çətin gecələrimin olduğunu xatırlayıram.

 

- Necə futbolla qarşılaşdınız?

- Həm kişi, həm də qadın futboluna böyük sərmayə yatırıldığını gördüm. Gənc komandalar arasında yaxşı rəqabət var. Özünəməxsus oyun üslubları var. Azərbaycan keçmiş sovet respublikası olduğundan, ordan gələn bir irs var. Bunlar təlim metodlarına, həmçinin futbolçu ilə məşqçi arasındakı münasibətə təsir edir. Adətən, soyuq əlaqə olur. SOCAR futbola böyük maraq göstərir və çox sərmayə yatırır. Futbolu inkişaf etdirmək, tanıtmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Avropa Oyunlarının ev sahibi olmaq və “Atletiko”ya sponsorluq etmək bir növ onların imicidi.

 

- Azərbaycanlı azarkeşlər arasında futbola hansı yerdədi?

- Kifayət qədər maraq var. Fərdi idman növlərində beynəlxalq dərəcəli turnirlərdə qələbələr qazanırlar. Amma futbol cəmiyyətə indi tam aydın olur.

 

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində olması ölkə futboluna nə kimi təsir edəcək?

- Bu, yatırılan pullar müqabilində çox önəmli uğur və mükafatdı. Əcnəbi məşqçilər, legioner futbolçular ölkə çempionatının səviyyəsini artırır və hətta klub infrastrukturunu genişləndirmək üçün başqa ölkələrdən menecerlər gətirirlər. Bu, qısa vədəli yatırım deyil, gələcək üçün atılmış addımlardı. “Qarabağ”ın bu uğurunu görəndə təkcə ordakı ispanlara görə deyil, Azərbaycan futboluna görə sevindim. UEFA 2019-cu ildə keçiriləcək Avropa Liqası finalını bu ölkəyə verib. Böyük sərmayə qoymuş və qısa müddət ərzində uğurlar qazanmış ölkədən bəhs edirik.

 

- Ancaq çempionatlarında cəmi 8 klub var...

- Azərbaycanda futbolun mərkəzi paytaxtdı. Klubların çoxu paytaxtda məskunlaşır. Çünki media və infrastruktur səviyyəsində də ölkənin qalan yerlərində bu cür imkan yoxdu. Belə ölkədə az klubun olması normaldı. Orda 12, 14 və ya 16 komanda ilə böyük rəqabət yaratmaq çətindi. Çempionatın inkişafı onların avrokuboklardakı uğurlarına da kömək ola bilər.

 

- Azərbaycanda futbol necə dəyişdi?

- Texniki təlimlərin tez-tez olması sayəsində. Bir çox ölkədə belə olur və UEFA da onlara kömək edir. Azərbaycan sovet təhsilinə malik ölkədi. Bunu analitik metodlara çeviriblər. Bu təlimlər oyunçulara artıq daha keyfiyyətli şəkildə keçirilir.

 

0