Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts həmkarı Yupp Haynkesin “Bavariya”ya qayıtmasına münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, bu barədə yerli mətbuata danışan almaniyalı mütəxəssis Haynkesin daha uzun müddət komandada qalacağını düşünür.
Haynkes bu posta mövsümün sonuna qədər müvəqqəti gətirilsə də, Foqtsun fikrincə, uğurlu çıxış onun karyerasını da uzadacaq: “Haynkesin mövsümün sonunda “Bavariya”dan ayrılacağına inanmıram. Mənə elə gəlir ki, onun aqibəti cari mövsümdə əldə ediləcək nəticələrdən asılı olacaq. Onun böyük təcrübəyə malik məşqçi olduğuna şübhəm yoxdu. Haynkesin yerinə Yurgen Kloppu bir nömrəli namizəd sayıram. Ancaq Tomas Tuxeli bu səviyyədə məşqçi hesab etmirəm”.
Qeyd edək ki, mövsümə uğursuz start götürən “Bavariya” bir neçə gün əvvəl Karlo Ançelotti ilə yollarını ayıraraq, bu vəzifəyə sabiq çalışdırıcısı Yupp Haynkesi gətirib.