[b]Qurban Qurbanov: Gəlin, özümüzü aldatmayaq...[/b]
17.10.2017 - 14:05
[b]Qurban Qurbanov: Gəlin, özümüzü aldatmayaq...[/b]

“Rəqibi hamımız yaxından tanıyırıq. Son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Atletiko”ya qarşı keçirəcək.

 

Matçdan öncə Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli çalışdırıcı Madrid klubu ilə görüş haqda bunları deyib: “Atletiko”nun öz oyun üslubu var və bu, bütün rəqiblərə çətinlik yaradır. Hələ 1 gün vaxtımız var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçular əllərindən gələni edəcəklər. Mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq”.


- “Atletiko”nun hansı zəif cəhətlərini tapa bilmisiz?

- Rəqibin çox güclü baş məşqçisi var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulara sahibdi. Onların meydanda səhvləri çox az olur. “Atletiko”nun zəif yerini tapmaq deyəndə ki, futbolçular bunu yalnız meydanda hiss etməlidi. Rəqibin nizam-intizamı yüksək səviyyədədi. Rəqiblərinə öz oyununu göstərməyə imkan vermir. Bu mənada, bizim üçün çox çətin olacaq. Amma bizim də öz düşüncələrimiz var. “Atletiko” müdafiədə çox diqqətli oynayan komandadı. Çalışmalıyıq ki, top daha çox bizdə qalsın və belə halda rəqibin zəif yerlərini tapaq. Lakin bunu etmək çox çətin olacaq.

 

- “Qarabağ”ın hədəfi hara kimidi ki, “Atletiko” ilə matçda xal qazanmağa ümid edirsiz?

- Hədəfimiz meydanda yaxşı mübarizə aparmaqdı. “Atletiko” ilə görüşdə ilk növbədə, bunu etməliyik. Doğma meydanda, azarkeşlərimizin qarşısında oynayacağıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə ki, “Atletiko” ilə “Qarabağ”ın səviyyəsini yanaşı qoysaq, rəqib bizdən çox yuxarıdı. Bununla belə, maksimum nəticə üçün mübarizə aparacağıq. Həmişə güclü rəqiblərlə qarşılaşanda da ümidli oluruq, özümüzə inanırıq.

 

- “İnter”lə çempionat matçında dubl edən Dino Ndlovu zədələnmişdi. Onun durumu nə yerdədi?

- Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss edir. Sabah oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.

 

- Uzun illər Tofiq Bəhramov adına Respublika stadionunda oynamısız. Bundan əvvəl yalnız “Roma”ya qarşı Bakı Olimpiya Stadionunda çıxış etmişdiz. Bu məqam komanda üçün nə dərəcədə önəmlidi?

- Hər dəfə bu söhbətə qayıtmaq istəmirəm. “Roma” ilə oyunda 50-55 min azarkeş dəstəyini gördük. Artıq bu arenada da özümüzü rahat hiss edirik. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.

 

- Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiz, ya Ramil Şeydayevə?

- Hələ buna qərar verməmişəm. Sabaha kimi vaxtımız var. Oyun günü yekun qərarımı verəcəm.

 

- “Atletiko”nun titullar qazanması, “Barselona” ilə bərabər səviyyədə oynaması komandanızda həyəcan yaratmır?

- Dünya futbolunda 7-8 komanda var ki, onların arasında keçirilən oyunlar həmişə maraqlı olur. Onların arasında “Atletiko” da var. Məndə gərginlik yoxdu. Əksinə, bu cür komandalarla qarşılaşmaq mənim üçün zövqdü. Belə məşqçilərlə üz-üzə gəlməkdən zövq alıram.

 

- “Atletiko”nu “Real” və “Barselona”dan fərqləndirən cəhətlər hansılardı?

- Futbolda belə bir termin var. 15-20 tanınmış mütəxəssis olur, 15-20 fərqli futbol fəlsəfəsi olur. Bunların hər biri ayrılıqda uğur qazanır. Sadəcə, oyun üslublarında fərq var. Məncə, ən güclü komanda belə, “Atletiko”ya qarşı oynamaq istəmir. Çünki onlar rəqibə öz oyunlarını göstərməyə imkan vermir. Ən güclü sistemlərdən biri məhz “Atletiko”dadı.


 

- Matça biletlərin hamısı satılmayıb. Stadionun tam dolması üçün azarkeşlərə hansı çağırışı edə bilərsiz?

- Asan heç nə yoxdu. Həmişə çətinlik olan yerdə uğur daha çox olur. Bu yerə gəlib çıxana qədər nələrdən keçmişik. Birdən-birə 60 min adama nəzarət etmək asan iş deyil. Özü də “Roma” ilə oyun günü yağışlı hava hökm sürürdü. Mən çətinliklərdən sonra nəsə əldə edəndə zövq almışam. Klubun baş məşqçisi olaraq, heç bir azarkeşdən narazı deyiləm. Hər şeyi, o cümlədən ölkəmizdəki durumu nəzərə almalıyıq. Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik. Dünyanın hər yerində soydaşlarımız bu görüşü izləyəcəklər. Biz də arxamızda onların dəstəyini hiss edirik. Hamı bilməlidi ki, futbolçular daha çox azarkeş önündə oynayanda daha məsuliyyətli olurlar.

 

- “Qarabağ”ın heyətində “Roma” və ya “Atletiko”da çıxış edəcək səviyyədə futbolçu varmı?

- Gəlin, özümüzü aldatmayaq. Bu gün elə bir oyunçumuz yoxdu. Bu, təkcə futbolçularla bağlı deyil. Belə böyük klublar daha böyük çempionatlardan futbolçu axtarırlar. Bu gün bizim çempionatımız o səviyyədə deyil ki, onunla maraqlanıb, burdan futbolçu seçsinlər. “Atletiko” və “Roma” kimi komandalara qarşı illərlə oynasaq, mövsüm ərzində 50-60 belə oyun keçirsək, onda futbolçularımıza maraq daha çox olar. Bizdə futbol mentaliteti hələ o səviyyədə çatmayıb ki, ayrı-ayrılıqda hər oyunçumuz Avropada çıxış etmək istəsin. Kənara çıxan 1-2 futbolçumuz öz oyunu ilə diqqəti cəlb etməli, digər futbolçularımızın da yolunu açmalıdı.

0