[b]"Görünür, hələ lazımi səviyyəyə çatmamışam” - Qara Qarayev[/b]
17.10.2017 - 13:57
[b]"Görünür, hələ lazımi səviyyəyə çatmamışam” - Qara Qarayev[/b]

“Atletiko” haqda ancaq xoş sözlər demək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Qara Qarayev deyib.

 

Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Atletiko”ya qarşı keçirəcək. Bakıdakı matçdan öncə baş tutan mətbuat konfransında Qarayev də iştirak edib.

 

O, Madrid klubu ilə sabahkı görüş haqda bu fikirləri səsləndirib: “Rəqib son vaxtlar alqışalayiq futbol göstərir. Qrupumuzda ən aqressiv oyun göstərən komandadı. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol göstərmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, bütün heyətimizlə sabahkı görüşdən yaxşı nəticə ilə ayrılarıq”.

 

- Hazırda işğal altında olan şəhəri təmsil etmək sizin üçün nə deməkdi?

- Sözsüz ki, doğma vətəndə oynamamaq şəxsən mənə bəzən problem yaradır. Buna baxmayaraq, “Qarabağ” klubu bu hisslərin qarşısını az da olsa, ala bilir. Düşünürəm ki, çox keçmədən oyunlarımızı doğma şəhərdə keçirəcəyik. Üzərimizdə böyük məsuliyyət var. Həmin torpaqları təmsil edirik.

 

- Bu yaxınlarda millinin heyətində Almaniya yığmasına qarşı oyunda iştirak etdiniz. Həmin görüşün birinci hissəsindəki ab-havanı sabahkı matçda da görə bilərikmi?

- Millinin heyətində oynamaq “Qarabağ”da oynamaqdan fərqlidi. Yığmada çıxış edən həyəcan daha çox olur. Buna rəğmən, Almaniyaya qarşı birinci hissədə yaxşı oynadıq. Amma ikinci hissədə rəqibin təzyiqinə tab gətirə bilmədik. Biz həmin ab-havanı kluba da gətiririk. Düşünürəm ki, həmin ab-hava “Atletiko” ilə görüşdə də bizə kömək edəcək.

 

- Son 4 ildə “Qarabağ”da əsas heyət üzvüsüz. Buna rəğmən, hələ də Avropa klublarından real təklif almırsız. Bunun səbəbini nədə görürsüz?

- Görünür, hələ lazımi səviyyəyə çatmamışam. Bu təklif təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya gəlmir. Səbəbin nə olduğunu bilmirəm. Əvvəl də demişəm ki, Avropanın hansısa komandasından mənə təklif gəlsə, pula baxmayacam, gedib oynayacam. Karyeramı Avropada davam etdirməyi çox istəyirəm.

 

- Sabahkı matça biletlərin hamısı satılmayıb. Stadionun tam dolması üçün azarkeşlərə hansı çağırışı edə bilərsiz?

- Qrupa düşəndən sonra Bakıda 3 böyük oyunumuz olmalı idi. Artıq birini keçirmişik, 2 matçımız qalıb. Bu görüşlər ölkəmizdə futbol bayramı kimi qeyd olunmalıdı. Düşünürəm ki, 1 gün ərzində hər hansı çətinliyə düşmək olar. Sabah bizə azarkeş dəstəyi çox lazım olacaq. Bu, komandanın daha yaxşı motivasiya olması üçün vacibdi. Məncə, qalan biletlər də sabah satılacaq.

0