[b]“Qarabağ”ın qrupa düşməyi çoxdan gözlənilirdi” - Eddi İsrafilov [/b]
17.10.2017 - 14:06
[b]“Qarabağ”ın qrupa düşməyi çoxdan gözlənilirdi” - Eddi İsrafilov [/b]

“Atam Anqoladandı, lakin anamla Azərbaycanda tanış olub. Daha sonra iş axtarmaq üçün İspaniyaya köçüblər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.

 

İspaniyada “Ximnastik” klubunun formasını geyinən 25 yaşlı futbolçu “Marca” nəşrinə müsahibə verib. Çempionlar Liqasında sabah keçiriləcək “Qarabağ” - “Atletiko” matçına proqnoz verən Eddi madridlilərin işinin asan olmayacağını söyləyib.

 

O, ölkəmizdə futbolun inkişafda olduğunu da əlavə edib: “Milli komandanın oyunu və nəticələri yaxşılaşdırılıb. Ancaq Almaniya ilə eyni qrupda qərarlaşmısınızsa, uğur əldə etmək asan deyil. Ölkə çempionatına gəlincə, “Qarabağ” artıq hər il çempion olur. Onların Çempionlar Liqasında qrup mərhələsinə adlaması çoxdan gözlənilirdi. O ki qaldı “Atletiko”ya, bu komanda son illər iki dəfə Çempionlar Liqasının finalında iştirak edib. Ancaq futbolda heç vaxt əminliklə danışmaq olmaz. Üstəlik, “Qarabağ”ı da indi məğlub etmək asan deyil”.

 

Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan yığmasına çağırılan İsrafilov xorvatiyalı çalışdırıcının ünvanına tərif yağdırıb: “Rus və ingilis dilində danışa bilirəm. Bu üzdən millidə olarkən ünsiyyət qurmaqda problem yaşamıram. Baş məşqçi Robert Prosineçki ilə isə ispan dilində danışıram. Yığmada oynamaq üçün əvvəllər də mənimlə əlaqə saxlayırdılar. Robert Prosineçki isə mənə, həqiqətən də, inandı. O, əla məşqçidi”.

 

Bakı Olimpiya Stadionunu dizayn və işıqlanma sisteminə görə “Allianz Arena”ya bənzədən orta sahə oyunçusu rəqibdən asılı olaraq, əksər ev oyunlarını orda keçirdiklərini söyləyib. O, Bakı haqda da xoş fikirlər səsləndirib: “Bakı hər il binalarla yenilənən gözəl şəhərdi. Son 5-10 il ərzində böyük dəyişikliklər olub. Təbii ki, bu inkişaf hələ bəzi yerlərdə hiss olunmur. Otelləri möhtəşəmdi, insanları çox yaxşı davranırlar”.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da başlayacaq.

0