[b]“Bu suala baş məşqçi cavab verməlidi” – Tyaqo Teles[/b]
17.10.2017 - 15:11
[b]“Bu suala baş məşqçi cavab verməlidi” – Tyaqo Teles[/b]

Futzal üzrə UEFA kubokunda uğursuz çıxış etməklə mübarizəni əsas mərhələdə dayandıran “Araz” Bakıya dönüb. Dünən axşam saatlarında paytaxta çatan komandanın üzvü Tyaqo Teles Martins apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qrup oyunlarını ümumi olaraq necə dəyərləndirirsiniz?

- Ondan başlayaq ki, rəqiblərimiz düşünüldüyü qədər zəif komandalar deyildi. Püşkdən sonra “Araz” favorit hesab edilirdi. Bu da komandanın reytinqinə, son illərdəki uğurlu çıxışına görə belə idi. Ancaq futzal yerində dayanmır, dünən asanlıqla yendiyin klub bu dəfə heyətini gücləndirmiş şəkildə qarşına çıxır və proqnozları alt-üst edir. Rumıniyaya gedəndə bilirdik ki, bizi çətin mübarizə gözləyir. Üstəlik, reqlament də dəyişib və qrupumuzdan cəmi bir komandanın elit-raunda yüksəlməsi işimizi çətinləşdirmişdi. Hansısa matça “asan qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamışdıq. Oyunlar da göstərdi ki, 2 rəqibimiz ilk mərhələdən bura yüksəlsə də, kifayət qədər təşkilatlanmışdı.

 

- İlk görüşdən fərqli, ikinci qarşılaşmada zəif oyunun işartıları görünürdü…

- Malta çempionu ilə oyuna heç də arxayın çıxmamışdıq. Ümumiyyətlə, bu cür turnirlərdə ilk oyun daha çətin keçir, amma bizim start əla alındı. İkinci oyunun gedişində hesabda geri düşdük, lakin üslubumuzdan qopmadıq. Çalışdıq yersiz toplar itirməyək, əsəblərimizi cilovlayaq. Əlbəttə, rəqib bizim səhvlərimizdən yararlandığı kimi, sonradan biz də onları səhv etməyə məcbur etdik. Yekunda 3 xal qazandıq. Bütün komandalar hazırlıqlı gəlmişdilər. Heç kim özünü autsayder yerində görmürdü. Ona görə də oyunlar çətin, ağır keçdi.

 

- Bəs “Deva” ilə qarşılaşmada nə baş verdi?

- Oyunun videoyazısına baxsanız, bizim “Deva”dan daha yaxşı oynadığımızı görəcəksiniz. İndi elə dövrdə yaşayırıq ki, pis keçirdiyimiz oyun haqda öz xeyrimizə danışa bilmərik. Çünki hər şey tezliklə ortaya çıxacaq.

 

- Bəs niyə yaxşı çıxışın qarşılığını ala bilmədiniz?

- Çoxlu qol epizodlarını boşa verdik, zala uyğunlaşmaqda çətinlik çəkdik. Bəxt də tərəfimizdə olmadı. Üstəlik, ilk 2 oyunda 6 qol vuran Maykon bizə kömək edə bilmirdi. Qallonu isə Bakıda qoymuşduq. Matça tam hazır çıxmamışdıq. “Deva”nı təbrik edirəm, amma biz də mərhələ adlamağa layiq idik.

 

- “Araz” son illərdə bu mərhələni asanlıqla keçirdi. Bu uğursuzluğun şok effekti yaratdığının fərqindəsinizmi?

- Bilirdik ki, “Araz” eli-raundda oynamağa adət edib. Elə səfərə də mübarizəni növbəti fazada davam etdirmək məqsədilə çıxmışdıq. Əlimizdən gələni etdik ki, elit-raunda vəsiqə qazanan komandalar sırasında yer alaq. Təəssüf ki, yekun bu cür alındı.

 

- Federasiya prezidenti Zaur Axundov nəticə ilə bağlı sizə nə dedi?

- Hələlik komanda ilə görüşməyib. Ola bilsin ki, bu həftə ərzində, ya da növbəti həftədə komanda ilə görüş olsun və iradlarını bildirsin.

 

- “Araz” həm də Azərbaycan millisinin bazasıdı. Ola bilərmi ki, bu uğursuzluq 3 aydan sonra keçiriləcək Avropa çempionatı üçün bir işarə olsun?

- Əlbəttə, Avropa çempionatında diqqətli olmalıyıq. Bilirik ki, ordakı rəqiblərimiz daha güclü komandalardı. Həm də Avropa çempionatı zamanı daha 2 oyunçumuz – Vassura və Fineo komandamıza qoşulacaq. Hər ikisi hazırda karyerasını başqa ölkədə davam etdirir. Yenə deyirəm, nəticə ürəkaçan olmasa da, pis oynamadıq. Heç bir rəqib deyə bilməz ki, “Araz”dan güclü oynadıq, hətta uduzduğumuz “Deva” da. Avropa çempionatı isə başqa səviyyədi.

 

- Komandaya 3 yeni futzalçı qoşulub. Onların kollektivi gücləndirmədiyini demək olarmı?

- Əslində, bu suala baş məşqçi cavab verməlidi. Öz fikrimi deyim ki, onlar pis futzalçı deyillər. Sadəcə, yeni gəldikləri üçün adaptasiya olunmalıdılar. Bunun üçün də müəyyən zamana ehtiyac var.

0