[b]“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone[/b]
17.10.2017 - 17:42
[b]“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone[/b]

“Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu. 


İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.


Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İnanıram ki, komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm”.

 

- “Barselona” ilə matçda heç-heçə etdiniz. Həmin nəticədən sonra narahat deyilsiniz?
- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan-oyuna “artıraq”. “Roma” ilə matçda qələbə qazanmalı idik, amma heç-heçə ilə kifayətləndik. Hər hansı dəyişiklik düşünmürəm. Komandama güvənirəm.

 

- “Qarabağ” o qədər də güclü deyil. Kimisə sınamaq fikrində deyilsiniz?
- Bizə 3 xal lazımdı. Bunun üçün hansı dəyişiklik lazımdısa, onu da edəcəyik. “Astana” ilə matçda xal itkimiz olub. Belə bir təcrübəmiz var. “Qarabağ” “Roma”ya asanlıqla məğlub olmayıb. Bu da bizi çətin oyunun gözlədiyini deməyə əsas verir.

 

- “Barselona” və “Çelsi” kimi komandalarla oyunlardan sonra“Qarabağ”a qarşı matça uyğunlaşmaq çətin olmur?
- Hər oyunun öz gözəlliyi var. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz qələbə olur.


- “Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidi. Miçeli qeyd edə bilərəm.

 

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- “Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Bunu təsdiqləyə bilərəm. Amma hər matça fərqli yanaşırlar. “Çelsi” və “Roma”ya qarşı fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada bilərlər.

 

- “Çelsi” ilə matça kimi, La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də yaxşılaşır.

 

- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdu. Buna görə, üzr istəyirəm. Klub barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi. İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki, burdan getdikdən sonra da eyni uğurları qazanacağıq.

0