AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb.
“Qırmızı-qaralar” U-17 Liqasında “Ağsu” ilə səfər matçında böyükhesablı qələbə qazanıb – 10:1. 6 oyunda 14 xal toplayan komanda 3-cü sırada qərarlaşıb. U-16 evdə “Turan”dan güclü olub – 4:2. 3 oyunda 9 xal toplayan “Qəbələ” 2-ci yerdədir. U-15 rəqib meydanında “Zaqatala”dan 3 xal alıb – 4:1. 4 matçda 10 xal toplayan komanda 2-ci yerə yüksəlib.
U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Vətən” RİOEUGFM ilə qarşılaşıb. Komanda ilk xal itkisi ilə üzləşib – 1:1. 3 oyunda 7 xal qazanan “qırmızı-qaralar” turnir cədvəlinin 4-cü sırasındadır. “Arsenal”ı 6 cavabsız qolla məğlub edən U-13 ardıcıl 3-cü qələbəsini qazanıb. 9 xala malik “Qəbələ” yalnız top fərqinə görə 2-cidir.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları V turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Ağdaş UGİM-ini 7, UGİM isə İsmayıllı UGİM-ini 4 cavabsız qolla üstələyib. 5 turdan sonra zirvədə qərarlaşan “Qəbələ”nin 15, UGİM-in 12 xalı var.
U-11 Liqasında da komanda eyni rəqiblərlə görüşüb. “Qəbələ”nin oyununda qeyri-adi hesab qeydə alınıb. Komanda ağdaşlıları 30:0 hesabı ilə yenib. UGİM isə 7 cavabsız qol vurub. U-13 Liqasında da “Qəbələ”nin 15, UGİM-in 12 xalı var. Üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “Qəbələ”nin iki komandası üz-üzə gəlib. “Qəbələ” Gİİ-ni 6:1 hesabı ilə məğlub edib. UGİM isə İsmayıllı UGİM-ini 16:0 hesabı ilə üstələyib. Hərəyə 4 matç keçirən təmsilçilərdən “Qəbələ” 12, Gİİ və UGİM 6 xal toplayıb.