[b]Zərərçəkmiş Maşallah Əhmədovdan şikayət edib[/b]
18.10.2017 - 11:52
[b]Zərərçəkmiş Maşallah Əhmədovdan şikayət edib[/b]

Dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

 

Bu barədə APA-ya zərərçəkmiş Yusif Əzizov məlumat verib. O bildirib ki, M. Əhmədov vurduğu külli miqdarda zərəri tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası 2 ilə endirilib: "Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib".

 

Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M. Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki iddia qaldırdığını deyib.

 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov bu il oktyabrın 7-də sərbəst buraxılıb.

 

M.Əhmədov cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

İttihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

0