[b]Rəşad Sadiqov: Bu, “Neftçi”nin adına yaraşmaz - MÜSAHİBƏ[/b]
18.10.2017 - 13:37
[b]Rəşad Sadiqov: Bu, “Neftçi”nin adına yaraşmaz - MÜSAHİBƏ[/b]

“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının VIII turunda “Səbail” üzərində böyükhesablı (4:0) qələbə qazandınız. Sanki meydana xüsusi motivasiya ilə çıxmışdınız...

- Açığı, komandada bir az gərginlik var idi. İlk dövrədə “Səbail”ə məğlub olmuşduq və bunun hesabını vermək lazım idi. Biz də həmin borcu qaytardığımız üçün sevinirik. Hesab edirəm ki, belə qələbəyə layiq idik.

 

- Aqressiv olmağınız revanşı almaq istəyi ilə bağlı idi?

- Həm revanşı almaq, həm də gözəl futbol sərgiləmək istəyirdik. Mənə elə gəlir ki, buna nail olduq. Həm revanşı aldıq, həm də əla oyunla qələbə qazandıq.

 

- İlk dövrədə rəqibə məğlub olduğunuzu dediniz. Bəs necə oldu ki, həmin komandaya bu dəfə asanlıqla qalib gəldiniz?

- Baş məşqçi amilini qeyd etmək istərdim. Demək olar ki, eyni heyətdi. Təkcə mən və Emin Mahmudov yeni gəlmişik. Meydanda ən azı 9 futbolçu əvvəlki heyətin üzvü olur. Tərlan Əhmədov komandaya inam, qələbə ruhu gətirib. Bu üzdən daha rahat oynayırıq.

 

- Deyəsən, bundan sonra sizi müdafiənin mərkəzində daha çox görəcəyik...

- Bu, məndən asılı olan şey deyil. Baş məşqçinin istəyi ilə əlaqəlidi. Yarımmüdafiədə də, müdafiədə də oynaya bilərəm. Hətta ehtiyatda qalsam belə, üzülmərəm. Nə vaxt şans verəcək, meydana çıxıb əlimdən gələni edəcəm.

 

- Mərkəzdə Ruslan Abışovla yan-yana oynamağın nə kimi üstünlükləri var?

- İslam Həmrəyliyi Oyunlarında da onunla müdafiədə çıxış etmişəm. “Qəbələ”də olarkən istər “Qarabağ”a, istərsə də digər rəqiblərə qarşı bu mövqedə oynamışam. Berti Foqtsun vaxtında da 1-2 matçda müdafiədə olmuşam. Ruslanla birlikdə oynamaq isə mənə daha rahat gəlir.

 

- Çempionatda ardıcıl ikinci qələbənizi qazandınız. Artıq “Neftçi”nin yüksəlişə keçdiyini söyləmək olar?

- Komanda “qara zolaq”dan yavaş-yavaş çıxır. Toparlanacağımıza və daha çox xallar qazanacağımıza şübhəm yoxdu. Komanda artıq özünə gəlib.

 

- Premyer Liqada ilk “dördlüy”ə düşmək vəzifəsinin öhdəsindən gələ biləcəksinizmi?

- Hədəfimiz daha da irəliləyib, ilk “dördlüy”ə düşməkdi. Bu komanda heç olmasa Avropa Liqasında iştirak etməlidi. Ordan kənarda qalmaz “Neftçi”nin adına yaraşmaz. Çalışacağıq ki, məqsədimizə çataq.
 

- Ancaq bu, heç də asan başa gəlməyəcək...

- Əlbəttə ki, çox çətin olacaq. Çempionatda güclü rəqiblərlə qarşılaşacağıq. Ancaq yenə də avrokuboklara düşmək bütün gücümüzü ortaya qoymalıyıq.

 

Ruslan SADIQOV 

0