[b]“Qarabağ” yaxşı komanda olsa da...” – “Atletiko”nun prezidenti[/b]
18.10.2017 - 15:53
[b]“Qarabağ” yaxşı komanda olsa da...” – “Atletiko”nun prezidenti[/b]

“Bizim üçün hər oyun vacibdi. “Qarabağ”la qarşılaşma isə hamısından çox”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun prezidenti Enrike Serezo deyib.

 

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma öncəsi AS nəşrinə danışan Serezo qələbədən başqa yollarının olmadığını bildirib.

 

70 yaşlı futbol funksioneri bununla növbəti mərhələ şanslarını artıracaqlarını düşünür: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Əgər bunu bacarsaq, pley-off mərhələsinin qapıları üzümüzə açılacaq. Futbolda hər şey mümkündü. Ancaq bugünkü məqsədimiz qələbə, qələbə və yenə də qələbədi. “Roma” ilə oyunu əla keçirmişdik və mükəmməl qalibiyyət əldə edə bilərdik. Ardından “Çelsi” bizə qalib gəldi. İndi isə “Qarabağ”a qalib gəlmək məcburiyyətindəyik. Rəqib yaxşı komanda olsa da, mütləq şəkildə 3 xal əldə etməliyik”.

 

Qripə yoluxduğu üçün dünənki məşqi buraxan hücumçu Antuan Qrizmanla bağlı sualı cavablandıran Serezo fransalının matçda iştirak edib-etməyəcəyindən xəbərsizdi: “Qrizmanın oynayıb-oynamayacağını bilmirəm. Onu görməmişəm. Mənə dedilər ki, Antuanın hərarəti var. Ancaq meydana çıxa biləcəkmi, bunu bilmirəm”.

 

Səhər yerli universitetlərdən birində olduğunu deyən Serezo ardından “Qarabağ”ın liderləri ilə birlikdə Bakıdakı ispan restoranında yemək yediyini vurğulayıb.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq.

0