[b]Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi [/b]
18.10.2017 - 22:52
[b]Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi [/b]

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: “Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

 

- Bundan öncəki oyunları belə keçirməyiniz üçün nə çatmırdı?

- Bir işə yeni başlayanda həyəcan həddindən artıq olur. Bu gün istəyimiz çox idi. Amma oyun ərzində çatışmayan cəhətlərimiz də oldu. Rəqibə bir neçə qol şansı verdik. Düşünürəm ki, futbolçularımız getdikcə daha faydalı oynayacaqlar.

 

- Matçdan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? İkinci sarı vərəqəni aldığı epizodla bağlı nə dedi?

- Dino ilə söhbətimiz olmadı. Sadə epizod idi. Məncə, hakim düz qərar qəbul etmədi. Penalti verməsəydi belə, ikinci sarı vərəqəni göstərməməli idi. Ndlovu da çox üzgün idi.

 

- “Atletiko” ilə matçda bu qədər fiziki güc sərf etmək növbəti oyunlarda sizə problem yarada bilərmi?

- Bəli, futbolçular çox güc itirdilər. Rəqib də bunu bizdən tələb edirdi ki, hücumçularımız müdafiədə də diqqətli olsunlar. Bir daha şahid olduq ki, Çempionlar Liqası digər turnirlərdən çox fərqlidi. Burda gərginlik də çox olur. Belə oyunlardan sonra hər hansı futbolçumuzda kiçik problem olur və bərpası üçün vaxt lazım gəlir. Maksim Medvedev və Bədavi Hüseynovda bu halı müşahidə etdik. Bu cür təzyiq bizə ilboyu yad olur. Oyunçularımızın çoxu buna dözdüsə, sevinirəm. Əfsuslar olsun ki, rəqibin futbolçuları bütün komponentlərdə bizdən üstündü. Belə oyunların sayı çox olmalıdı. Bir daha oyunçularıma təşəkkür edirəm.

 

- Bu günlərdə övladını itirən Vild-Donald Gerrye “Atletiko” ilə matça psixoloji cəhətdən hazır idi?

- Övlad itirmək çox ağırdı. Komanda olaraq, onun yanında olduq. Mənim də görüşümdən sonra gəlib, məşqdə iştirak etdi. Futbol bəzən ağrı və acını yaddan çıxarır. Ona ehtiyacımız var idi. Matçın sürətini artırmaq və hava toplarında daha kəsərli olmaq üçün Gerryeni meydana buraxdım.

 

- Matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu nə yerdədi?

- Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək.

 

- Hakim matçın əsas vaxtına 3 dəqiqə əlavə edəndə və “Atletiko”nun son hücumları zamanı nə düşünürdüz?

- Düşünəcək bir şey yox idi. Tanış hisslərdi. Cərimə zərbəsi təyin etdiyi epizodda bir az anlaşılmazlıq oldu. Mən də narazılıq etdim. Çünki yan xətt hakimi ofsayd olduğunu işarə etmişdi. Amma epizodu analiz etdikdən sonra baş hakimin düzgün qərar qəbul etdiyini anladıq. Final fitinə qədər fikrim oyunda idi. Buna görə də, başqa heç nə düşünmürdüm.

 

- Bu gün meydandan qovulan Dino Ndlovunu Madriddəki qarşılaşmada kim əvəz edəcək? Bununla bağlı UEFA-ya şikayət edəcəksizmi?

- Variantımız çox deyil. Ya Mahir Mədətov, ya da Ramil Şeydayev oynayacaq. Buna vaxtı çatanda qərar verəcəyik. Epizodlara gəlincə, hakimin haqlı və ya haqsız olduğuna baxacağıq. Amma müraciətə ehtiyac görmürəm. Futbolda belə hallar olur. Bir dəfə şikayət etdik, aldığımız cavab hər kəsə bəllidi. Başımızı aşağı salıb, oyunumuzu göstərməliyik. Bizim müraciət edib, vaxt itirməyə ehtiyacımız yoxdu.

0