[b]Türkiyə çempionatında yığmamızın oyunçuları üçün əlamətdar tur[/b]
19.10.2017 - 09:15
[b]Türkiyə çempionatında yığmamızın oyunçuları üçün əlamətdar tur[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında start verilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkə klublarının şərəfini qoruyan Azərbaycan millisinin 4 üzvündən 3-ü ilk turda meydana çıxıb.

 

Belə ki, yığmamızın kapitanı Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” “Çanakkale Bld”un qonağı olub. Gərgin keçən matç ev sabiblərinin məğlubiyyəti ilə başa çatıb – 2:3 (26:28, 21:25, 25:22, 25:15, 12:15). “Seramiksan” qalib gəldiyi görüşdə Bayramova 17 xal toplayıb.

 

Hücumçumuz Yana Kulanın formasını geyindiyi “Bəylikdüzü” “Əczaçıbaşı”nı qəbul edib. Oyun təmsilçimizin komandası üçün uğursuz alınıb – 0:3 (11:25, 18:25, 14:25). Kulan qarşılaşmada 7 dəqiq zərbə vurub.

 

“Bursa BŞB” – “Fənərbaxça” matçında isə Polina Rəhimova debüt edib. “Sarı-lacivərdlilər”in heyətində yer alan hücumçu üçün oyun yaxşı başlamasa da, uğurlu nəticə ilə yekunlaşıb – 3:1 (28:26, 19:25, 25:20, 25:23). Rəhimova 22 xalla oyunun bombardiri olub.

 

Bu 3 voleybolçumuzdan fərqli, Marqarita Əzizova “Beşiktaş” – “İlbank” matçını ehtiyat oyunçular skamyasından izləyib. Görüş isə onun yeni transfer olunduğu “Beşiktaş”ın 3:0 (25:14, 25:18, 25:18) hesablı qələbəsi ilə başa çatıb.

 

0