Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun gününün yeganə qarşılaşması “Səbail”lə “İnter” arasında keçiriləcək.
Paytaxt derbisinə hər iki komanda uğursuzluğa son qoymaq gözü ilə yanaşır. Son iki turda xala həsrət qalan komandalar mövqelərini yaxşılaşdırmaq üçün mütləq qalib gəlməlidi. Qələbə həsrəti 4 matça çatan Zaur Svanadzenin yetirmələri liderlərlə xal fərqini azaltmaq üçün debütantı yenməlidi. Hələ heç-heçə etməyən Samir Əliyevin komandası isə “Neftçi”dən aldığı darmadağını unutdurmaq niyyətindədi.
Turun ikinci günü “Neftçi”nin matçı ilə başlayacaq. Ardıcıl iki qələbə ilə durumunu yaxşılaşdıran Tərlan Əhmədovun yetirmələri “Kəpəz”in qonağı olacaq. Autsayder mövsümdə ilk dəfə doğma Gəncə stadionuna çıxacaq. Azərbaycanın iki ən köklü klubunun dueli rəqiblər üçün irəliləmək şansıdı. “Ağ-qaralar” da, Şahin Diniyevin yetirmələri də Azərbaycan derbisində qazanılacaq qələbə ilə turnir cədvəlində 2 addım önə keçə bilər.
İkinci oyun günü lideri dəyişə bilər. “Sumqayıt”ın qonağı olacaq “Zirə” ən azı 1 günlük zirvəni ələ keçirmək imkanına malikdi. Bunun üçün Ayxan Abbasovun yetirmələrinə 1 xal da kifayətdi. Cari mövsümdə uduzmayan bakılılar Sumqayıt səfərində uğurlu seriyasını davam etdirməlidi. Samir Abasovun komandası isə itirmək üzrə olduğu mövqeyini qorumaq, avrokubok şanslarını zərbə altına salmamaq üçün qalib gəlməlidi.
Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionatın lideri “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Ağdam təmsilçisi 15 matçlıq məğlubiyyətsizliyi səfərdə davam etdirmək əzmindədi. Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün uduzmamalıdı. Roman Qriqorçukun yetirmələri çempionluq yarışına intriqanı artırmaq üçün son illərin dəyişməz çempionunu büdrətməlidi.
Azərbaycan Premyer Liqası
IX tur
20 oktyabr (cümə)
18:00. “Səbail” – “İnter”
“Dalğa Arena”
21 oktyabr (şənbə)
15:00. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu
17:00. “Sumqayıt” – “Zirə”
Sumqayıt şəhər stadionu
22 oktyabr (bazar)
18:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu
1. |
Qarabağ |
7 |
6 |
1 |
0 |
14-3 |
19 |
2. |
Zirə |
8 |
5 |
3 |
0 |
15-5 |
18 |
3. |
Qəbələ |
8 |
5 |
1 |
2 |
11-8 |
16 |
4. |
Sumqayıt |
8 |
3 |
1 |
4 |
8-11 |
10 |
5. |
İnter |
8 |
2 |
2 |
4 |
7-11 |
8 |
6 |
Neftçi |
8 |
2 |
1 |
5 |
9-9 |
7 |
7. |
Səbail |
7 |
2 |
0 |
5 |
4-12 |
6 |
8. |
Kəpəz |
8 |
1 |
1 |
6 |
5-14 |
4 |
Bombardir: Mahir Mədətov ("Qarabağ") - 5 qol