[b]“Etiraf edim ki...” - Qabi “Qarabağ”la oyundan danışdı[/b]
19.10.2017 - 12:27
[b]“Etiraf edim ki...”  - Qabi “Qarabağ”la oyundan danışdı[/b]

“Qol vurmaq üçün şanslarımız oldu. Xüsusilə, ilk hissədə bunu etməyə yaxın olsaq da, bacarmadıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun kapitanı Qabi Fernandes deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olan Madrid təmsilçisi Bakıdan 1 xalla (0:0) ayrılıb.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən təcrübəli yarımmüdafiəçi nəticəni şərh edib.

 

O, Azərbaycan çempionu ilə görüşdəki xal itkisindən sonra qrupdakı vəziyyətlərinin bir qədər də qəlizləşdiyini bildirib: “Fasilədən sonra da göstərdik ki, komandamızın gücü var. Amma ikinci hissədə çoxlu qol imkanımız olmadı. “Qarabağ” öz oyununu göstərməyə başladı. Rəqibin kimliyindən asılı olmayaraq, “Atletiko” həmişə sona qədər mübarizə aparır. Amma onu da etiraf edim ki, çox çətin qrupda yer almışıq. “Qarabağ”la görüşdən sonra vəziyyətimizi bir qədər də çətinləşdirdik”.

 

Qabi qrupdakı növbəti 3 matçda maksimum nəticə toplamağa çalışacaqlarını qeyd edib: “Çempionlar Liqasının qrup oyunlarında ilk dövrəni başa vurduq. Təbii ki, bu görüşlərdə uğurlu nəticə əldə edə bilmədik. İndi bizi daha 3 qarşılaşma gözləyir. Həmin oyunlardan qələbə ilə ayrılmalıyıq. İlk növbədə, “Qarabağ”la evdəki görüşdə bunun öhdəsindən gəlməliyik”.

 

Qeyd edək ki, “Atletiko” və “Qarabağ” arasındakı Madriddəki qarşılaşma isə oktyabrın 31-də keçiriləcək.

 

0