SİZİN REKLAM BURADA

“Bədbəxtliyimiz ondadı ki...” – İsayev fiasko barədə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayevin apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatının seçmə qrup mərhələsində İrlandiya (0:6) və Ukraynaya (1:6) məğlub olub, Bolqarıstan (2:1) üzərində qələbə qazanmısınız. İlk iki görüşdəki böyük hesablı yenilgiləri nə ilə əlaqələndirirsiniz?

- Əvvəla qarşıya qoyulan məqsədə çata bilməməyimiz bizi üzdü. İlk iki qarşılaşmadakı çıxış mənə də qaranlıq qaldı. Uşaqların hamısı ilə fərdi şəkildə söhbət etmişdim. Ancaq komanda psixoloji cəhətdən təzyiqdən çıxa bilmədi. Halbuki, onlara böyük ümid bəsləyirdim. Uşaqlara indi də güvənirəm. Sadəcə, ilk iki görüşdə təzyiqdən çıxa bilmədilər.

 

- İlk iki matçda 12 top buraxdıqdan sonra necə oldu ki, Bolqarıstanı məğlub edə bildiniz?

- Belə bir halla əvvəllər bir dəfə də üzləşmişdik. İrlandiya ilə oyundan sonra uşaqları bir yerə yığdıq ki, onları ikinci görüşə daha yaxşı hazırlaşdıraq. Buna ümid edirdim. İrlandiya ilə oyundan sonra Ukraynaya da böyük hesabla uduzacağımızı şəxsən mən də gözləmirdim. Çünki həm beynəlxalq oyunlar, həm Bakıda bir ay təlim-məşq toplanışı keçməyimiz, həm də yoxlama görüşləri başqa mənzərəni ortaya qoyurdu. “Partizan”ın 2000-ci il təvəllüdlü uşaqları ilə son yoxlama görüşündə komandamda mübarizə var idi, futbolçular ayaq üstə qala bilirdilər. Bu üzdən qrupdakı məğlubiyyətləri sırf psixoloji problemlə əlaqələndirərdim. Görünür, komandanı yaxşı hazırlaya bilmədik.

 

- Günahı kimdə görürsünüz: özünüzdə, yoxsa futbolçularda?

- Bu uşaqlar hələ futbolçu deyillər, futbolçu olmaq istəyirlər. Bu, məşqçi kimi, elə mənim özümə də böyük imtahan oldu ki, nəticə çıxarım. Son matçdan əvvəl uşaqlarla tam fərqli söhbət oldu. Dedim ki, axırıncı oyuna çıxırsınız, ilk növbədə özünüzə sübut etməlisiniz ki, millinin formasını geyinməyə layiqsiniz. Sizə inanıb gətirmişəm, hamınız azərbaycanlısınız və yolunuzu gözləyənlər var. Həm ailə üzvləriniz, həm klublarınız, həm də məşqçiləriniz sizdən qələbə gözləyir. Əlavə elədim ki, iki ağır məğlubiyyətdən sonra qələbə qazanmaq gələcək karyeranız üçün tramplin ola bilər. Buraxılan 12 topa çox üzülürəm. Bunun təhlili yoxdu. Deməli, meydanda komanda olmayıb ki, bu qədər qol buraxmışıq. 1-2 top fərqi ilə məğlub olanda, bunu təhlil edib, boşluqları müəyyənləşdirmək olur. Ancaq bir komanda 6 qol buraxıbsa, bu o deməkdi ki, meydana çıxmağa hazır olmayıb. Bu məğlubiyyətlərə görə, birbaşa uşaqları günahlandırmıram. Deməli, mən onları oyunlara kökləyə bilməmişəm. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çünki orda futbolçu yoxdu, futbolçu olmaq istəyən perspektivli uşaqlar var.

 

- Vətənə döndükdən sonra AFFA rəhbərliyi ilə görüşünüz olubmu?

- Qayıdanda hava limanında AFFA-nın baş katibi Elxan Məmmədovla qarşılaşdıq. Ayaq üstə söhbət etdik. Elxan müəllim mərhələ adlayacağımıza ümid edirdi. Çünki o, iki dəfə komandamızın mərhələ adlamasının şahidi olub.

 

- Söhbət zamanı gələcək karyeranızla bağlı hansı qənaətə gəldiniz?

- İş barəsində ayaq üstə söhbət etmirik. Belə söhbətlər onun otağında həll olunur. Bu üzdən də gələcəklə bağlı bir söz deyə bilmərəm.

 

- 2014/15 mövsümünün elit-raundunda U-17 məhz sizin rəhbərliyiniz altında elə də uğurlu çıxış etməmişdi. Bəlkə bu komanda sizin üçün düşərli deyil?

- Həmin vaxt özüm dərhal istefa verib getmişdim. Bunun düşər-düşməzi yoxdu. Məndə nəsə boşluq yaranıb ki, nəticə belə olub.

 

- U-17 də daxil olmaqla, aşağı yaş qrupu üzrə komandalarımız son vaxtlar rəqiblərinə böyük hesabla məğlub olurlar. Bunun səbəbini nədə görürsünüz?

- Mən yalnız öz problemlərimizdən, U-17-dən danışa bilərəm. Bu uşaqlarla 1 il 2 aydı ki, bir yerdəyik. Bu müddətdə U-17-yə federasiyadan “yox” cavabı olmayıb, hər cür şərait yaradılıb. Bircə qalırdı bunun qarşılığını verək, ancaq bacarmadıq. Bu o demək deyil ki, indiki uşaqlardan gələcəkdə güclü futbolçu çıxmayacaq. Bəlkə də, ən istedadlılar 2000-ci il təvəllüdlülərdi. Bizim bədbəxtliyimiz ondadı ki, bu gün Avropada uşaq yaşlarından transferlər olur. Son turnirdə qarşılaşdığımız İrlandiyanın 9 futbolçusu İngiltərə klublarında çıxış edir. İngiltərə çempionatı ilə bizim liqamızın səviyyəsi eyni ola bilərmi? Uşaqlarımızın problemi odu ki, çox az beynəlxalq oyunlar keçirirlər. Milli çempionatla beynəlxalq oyun arasında böyük fərq var. Potensiallı uşaqlarımız var, sadəcə, “sınmamalıdılar”. Bunu özlərinə də deyirəm. Bizim məqsədimiz odu ki, indiki heyətdən 2 futbolçu gələcəkdə əsas millidə oynasın.

 

Ruslan SADIQOV 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10