[b]Ramil Usubovla Rövnəq Abdullayev cüdo zalı açdılar - FOTOSESSİYA[/b]
19.10.2017 - 17:02
[b]Ramil Usubovla Rövnəq Abdullayev cüdo zalı açdılar - FOTOSESSİYA[/b]

Bu gün  Daxili İşlər Nazirliyinin öncül qurumlarından olan xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub. Apasport.az saytının məlumatına görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev, Çevik Polis Alayının komandiri, general-mayor Zaur Abdullayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, tanınmış veteran idmançılar və cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 


Onlar rəmzi açılışı bildirən lenti kəsiblər və yeni məkanda əməkdaşların bu idman növü ilə məşğul olmaları üçün yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.

Daha sonra daxili işlər naziri şəxsi heyət qarşısında çıxış edərək yeni cüdo zalının açılışı münasibətilə onları təbrik edib. O, əlamətdar hadisənin təməlində ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına möhtərəm dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin verdiyi böyük dəstəyin, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin dayandığını vurğulayıb, məhz bunun nəticəsində son illər ərzində paytaxt da daxil olmaqla respublikanın digər şəhər və rayonlarında 40-dan çox yüksək səviyyəli idman obyektlərinin, Olimpiya idman mərkəzlərinin tikilib istifadəyə verildiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək diqqət və təşkilatçılığı sayəsində Avropa və İslam Həmrəyliyi Oyunları, “Formula-1” Bakı Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsi ölkəmizin potensialının, multikulturalizmə, sivilizasiyalararası dialoqa verdiyi mühüm töhfələrin əyani göstəricisidi.

 
O da nəzərə çatdırılıb ki, ölkəmizdə idman sahəsində uğurların qazanılmasında daha bir önəmli faktor bədən tərbiyəsinin inkişafına, kütləviləşməsinə cavabdehlik daşıyan dövlət qurumlarının, xüsusən Milli Olimpiya Komitəsi başda olmaqla müxtəlif idman federasiyalarının, cəmiyyətlərinin və klublarının vahid komanda kimi fəaliyyət göstərməsidi. 

Daxili işlər orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, əməkdaşların xidməti şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən general-polkovnik Ramil Usubov polis əməkdaşlarının yeni idman kompleksində öz ustalıqlarını artırmaqla ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə daha qətiyyətli və əzmkar olacaqlarına əminliyini ifadə edib.

 

Bu möhtəşəm İdman Kompleksində cüdo zalının fəaliyyətə başlaması daxili işlər orqanlarında cüdo idman növünə marağı daha da artıracaq. Burada Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti cüdonun sirlərinə daha da yaxından yiyələnəcəklər.

 

0