[b]"Çempionatın ən təhlükəli hücumçusu mənə qol vura bilməyib” - Anar Nəzirov[/b]
20.10.2017 - 14:28
[b]"Çempionatın ən təhlükəli hücumçusu mənə qol vura bilməyib” - Anar Nəzirov[/b]

“Zirə” klubunun qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının IX turunda sabah “Sumqayıt”la üz-üzə gələcəksiz. Bu komanda ilə oyunlarınız adətən gərgin keçir...

- Düzdü, yenə çətin olacaq. Onlar bu il fərqli futbol oynayırlar. Rəqibin kimliyindən asılı olmayaraq, heç kimdən qorxmurlar. “Sumqayıt” bu gün çempionatda evdə ən güclü oynayan komandalardan biridi. Bununla belə, turnir cədvəlini əsas götürsək, bizim üçün vacib matçdı. Məqsədimiz qələbə seriyasını davam etdirməkdi.

 

- “Zirə” bu mövsüm daha inamlı təsir bağışlayır. Bunda digər iddialıların arzulanan oyunu göstərə bilməməyinin rolu varmı?

- Komandamız növbəti dəfə avrokuboklara qatılmağa iddialıdı. Belə götürəndə, bizim üçün rəqibin adı görüşə hazırlaşmağımızda rol oynamır. Tutaq ki, “Sumqayıt” və ya “Səbail”ə qarşı oynayacağımız məsuliyyətimizə təsir etmir. Həm də heyətimiz daha genişdi, yaxşı futbolçulardan qurulub.

 

- “Kəpəz”lə görüşdə ehtiyatda qalmağınız nə ilə bağlı idi?

- Bu, baş məşqçinin qərarıdı.  

 

- “Zirə”də qapıçı seçimi növbəlilik prinsipi ilə həyata keçirilir?

- Elə deməzdim, kim daha hazırdısa, çalışdırıcı qapını ona tapşırır.

 

- Yeri gəlmişkən, milliyə mütəmadi dəvət edilsəniz də, ehtiyatda qalırsız. Bu cür münasibət sizi üzmür?

- Baş məşqçi bu cür seçim edirsə, onun işinə necə müdaxilə edə bilərəm? Hər kəs millidə oynamaq istəyir. Çünki dəvət gəlibsə, deməli, etimad var. Bu etimadı meydanda da doğrultmalısan.

 

- Birinci dövrə ilə müqayisədə əsas rəqiblərinizdən olan “Neftçi” dirçəlməyə başlayıb. Onların nəfəsini hiss edirsizmi?

- “Neftçi” yaxşı oynayır. Biz komandanın adına baxıb, hazırlaşmırıq. Çünki “Neftçi”ni də, “Səbail”i də yensən, 3 xal qazanırsan. Ona görə də, məsuliyyətli olmalı, rəqibi heç vaxt kiçiltməməliyik. İşimizi görməli, xal qazanmalıyıq. Komanda ruhu bütün oyunlarda həlledici olmalıdı.

 

- Adətən “Qarabağ”la oyun ərəfəsində qardaşlıq, dostluq münasibətləri qabardılır. Onda özünüzü necə hiss edirsiz?

- Bu söhbətlər çox olub. Adamı bezdirir. Heç-heçə edirsən, bir cür yozurlar, məğlub olursan, başqa cür yazırlar. Hər cür nəticədən sonra öz bildiklərini ön plana çəkirlər.

Ötən il bunun nöqtəsinin qoyulduğunu düşünürəm. “Zirə” başqa komandadı, “Qarabağ” ayrı. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Bu da faktdı ki, “Qarabağ” bu gün Azərbaycan çempionatında ən üst səviyyədə olan komandadı. Hər bir rəqib onlara qarşı oynamaqda çətinlik çəkir. Birinci dövrədə heç-heçə etdik. Həmin vaxt ola bilər, “Qarabağ” avrokuboklarda oynadığından yorğun, heyətindəki dəyişikliklərin təsiri olub. Ancaq “Qarabağ” “Qarabağ”dı. Hər bir futbolçusu millinin heyətində oynayacaq səviyyədədi.

 

- Premyer Liqada hansı hücumçuya qarşı çıxış etmək çətindi?

- “Sumqayıt”ın hücumçuları təhlükəlidi. Fikrimcə, çempionatın ən təhlükəli hücumçusu Amil Yunanovdu, istənilən vaxt oyunun taleyini həll edə bilər. Düzdü, hələ mənə qol vura bilməyib (gülür). “Qarabağ”ın, “Qəbələ”nin forvardları yaxşı formada olsa, təhlükəli oyunçulardı.

 

0